Şəmsəddin Əliyev: “Zərərçəkənin məlum açıqlaması cinayət hadisəsindən xəbər verir”
Binəqədi Rayonunun sabiq İcra başçısı Xaləddin İsgəndərovla bağlı rüşvət iddiası səslənir. Belə bir iddianı "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov bildirib.
O qeyd edib ki, mərhum Vergilər Naziri Fazil Məmmədovun qohumu Binəqədi Rayonunun sabiq İcra başçısı Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb: “Durduğum yerdə gəlib şadlıq evim üçün 400 min pul alıb. Deyib ki, verməlisən. Əgər verməsəydim, vergini üstümə tökəcəkdi. Məcbur verdim. Bizi qoymayıblar inkişaf etməyə. "Holly Wood" restoranım üçün tələb edirdi”.
Maraqlıdır, bu iddia ilə X.İsgəndərova cinayət içi açıla bilərmi?
Hüquqşunas Şəmsəddin Əliyev baki-xeber.com-a bildirdi ki, hadisənin nə zaman törədildiyi bəlli olmasa da, zərərçəkənin məlum açıqlaması cinayət hadisəsindən xəbər verir: “İsfəndiyar Axundovun bu fikri Cinayət Prosesual Məcəlləsinə əsasən araşdırma tələb edir. Ancaq o da maraqlıdır ki, İsfəndiyar Axundov o zaman 400 min manat rüşvəti verərkən, hüquq-mühafizə orqanlarına niyə şikayət etməyib? Zərərçəkmişin bu cinayəti gizlətməsi, vaxtında ictimailəşdirməməsi, tədbir görülməsi üçün hər hansı bir addım atmaması cinayət gizlətmək kimi dəyərləndirilir. Bu Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit edilib. O 400 min manat rüşvəti verərkən deməli idi, indi bunu necə sübut edə bilər? Rüşvət faktı nadir cinayətlərdəndir ki, sübut ortada olmalıdır”.
Günel CƏLİLOVA