Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "VAZ 2107" markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.
İdarədən mətbuata verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, M. Məmmədli nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.
Toplanılmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə M. Məmmədli 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib, eyni zamanda, 15 sutka inzibati qaydada həbs olunub.
Mətləb Salahov