"Ermənistanın dağ-mədən müəssisələri Azərbaycanın bütün ərazisini ekoloji risklər altına qoyur" - Koalisiya üzvü

Azərbaycandan Ermənistana çay axmır. Əvəzində, Ermənistandan Azərbaycana axan ən azı altı çay var. Ermənistanın dağ-mədən müəssisələri tərəfindən çirkləndirilən bu çaylar axınla Araz çayına tökülür. Nəticədə Araz çayının çirklənmə riski çox yüksəkdir. Araz çayı Kür çayına qoşulur, o isə Xəzər dənizinə axır. Beləliklə, demək olar ki, Azərbaycanın bütün ərazisi bu ekoloji risklər altında qalır.
Bu fikirləri “Enviromental Protection First” QHT Koalisiyasının üzvü Sabit Bağırov iyunun 3-də keçirilən mətbuat konfransında səsləndirib.
S.Bağırov əlavə edib: “Türkiyədə 33 qeyri-hökumət təşkilatının Ermənistanın atom elektrik stansiyasının fəaliyyətinin region üçün yaratdığı risklərlə bağlı təşəbbüsü bizim üçün gözlənilməz oldu. Açığı desəm, bu təşəbbüs bizi sevindirdi. Bu o deməkdir ki, bu məsələ təkcə bizi deyil, artıq Türkiyəni, İranı da narahat edir”.
O, həmçinin qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən dağ-mədən müəssisələri mövcuddur. Bu müəssisələrin əksəriyyəti qiymətli metalların hasilatı və emalı ilə məşğuldur. Bu fəaliyyətlərin lazımi şəkildə tənzimlənməməsi və nəzarətsiz aparılması suların çirklənməsi risklərini ciddi şəkildə artırır.
ZÜMRÜD