"Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsi başa çatıb

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olan "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" adlı layihənin bağlanış mərasimi olub. Layihənin yekun tədbiri Bakı şəhərində baş tutub. Tullantıdan incəsənətə kursunun işitrakçıları olan 25 nəfər Gəgəli məktəblisi əvvəlcə Bakı şəhərində yerləşən Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Tullantıdan sənətə muzeyində olub. Muzeyin bələdçisi məktəblilərə muzeydəki sənət nümunələri haqqında məlumat verib. Azərbaycan heykəltaraşları ilə yanaşı dünyanın müxtəlif ölkələrindən olan hekəltaraşların tullantıdan yaradılan sənət əsərləri muzeydə saxlanılır və nümayiş edilir. Məktəblilər kursda eşitdiklərini və hazırladıqları əsərləri burada müqayisə etmək imkanı əldə ediblər. Onların bu sənət haqqında dünyagörüşləri genişlənib. Qoruq ərazisindəki digər abidələrlə tanış olan məktəblilər sonra Bayırşəhər ərazisində yerləşən Zərgərpalan hamamına gəliblər. Əvvəlcə Zərgərpalan hamamı ilə tanışlıq olub. Onlara təmizliyin əhəmiyyəti və tarixi ənənələr haqqında məlumat verilib. Sonra layihənin yekun tədbirini təlimçi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb və Sıfır tullantı məşğələləri və Tullantıdan incəsənətə kursları haqqında danışıb. Layihə rəhbəri Lalə Xəlilova layihəyə göstərdiyi marağa görə şagirdlərinə və dəstək verdiyinə görə layihə əməkdaşlarına təşəkkür edib. Layihənin eksperti Gülşən Hüseynova, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə heyətinin üzvü Məleykə Hüseynova, müəllim-valideyn Cabir Alcanlı, məktəblilər adından Nərgiz Gərayeva çıxış ediblər.
Tədbirin sonunda məktəblilərə kurs iştirakçısı olmaları barədə sertifikat təqdim olunub.
Xatırladırıq ki, layihə çərçivəsində sıfır tullantı məşğələsinin proqramının hazırlanması və tədris vəsaitinin çap olunması, 350 şagird üçün məktəbdənkənar məşğələlərin keçirilməsi, məktəblilər üçün tullantıdan incəsənətə kurs planının hazırlanması və tədris vəsaitinin çap olunması, 30 məktəbli üçün tullantıdan incəsənətə kursunun keçirilməsi, açıq onlayn resurslar üçün videoməşğələnin hazırlanması və yayımlanması nəzərdə tutulmuşdu.
İradə SARIYEVA