Orta məktəblərdə dərnək və yeməkxanalar bağlanır...

Cavanşir Əliyev: “Məktəb elə bir yerdir ki, burda nəyisə ixtisar etmək, bağlamaq olmaz”
Yeni tədris ilində orta ümumtəhsil məktəblərində böyük ixtisarların aparılacağı müzakirə edilir. Məlumatda yeni tədris ilində orta məktəblərdə fəaliyyət göstərən dərnəklər, yeməkxanalar bağlanacaq. Danılmaz faktdır ki, həmin yeməkxanalardan ən çox faydalanan məhz aztəminatlı ailələrin övladlarıdır.
Maraqlıdır, orta məktəblərdə yeməkxana, dərnəklərin bağlanması nə dərəcədə düzgündür?
“Dərnəklərin bağlanması məktəbdə şagirdin yalnız akademik deyil, həm də yaradıcı və sosial inkişafına mənfi təsir edəcək”
Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, orta təhsil müəssisələrində fəaliyyət göstərən müxtəlif dərnəklərin şagirdlərin sosial aktivliyində rolu böyükdür. Belə dərnəklərin fəaliyyətində əsas məqsəd şagirdlərin hərtərəfli inkişafı və asudə vaxtlarının düzgün dəyərləndirilməsidir: “Son zamanlar məktəblərdə dərnəklərin bağlanması müzakirə olunur. Ancaq nəzərə almaq lazımdır ki, dərnəklərin bağlanması məktəbdə şagirdin yalnız akademik deyil, həm də yaradıcı və sosial inkişafına mənfi təsir edəcək. Qeyd etdiyim kimi, dərnəklər şagirdin maraq dairəsini formalaşdırır. Yeməkxanaların bağlanması isə olduqca acınacaqlıdır. Belə olarsa, bu qərar aztəminatlı ailələrin uşaqları üçün mənfi sosial nəticələr doğuracaq. Yeməkxanaların bağlanması uşaqların qidalanma səviyyəsinin aşağı düşməsinə səbəb olacaq. Bu isə məktəblilərin fiziki və zehni inkişafına mənfi təsir göstərəcək.
Məlumdur ki, məktəb bufetləri ilə bağlı xüsusi qaydalar və tələblər var. Həmin tələblərə uyğun olaraq bufetlərdə məhsul satılır. Bufetlərin böyük hissəsi ayrı-ayrı sahibkarlara qanunsuz icarəyə verilib. Onlar da qaydalara uyğun olaraq şagirdlərə xidmət edir. Məktəblərdə bufetlər özəl sahibkarlıq sahəsindən alınıb, sırf Elm və Təhsil Nazirliyinə verilməlidir. Yeməkxanaları bağlamaq yerinə şagirdlərin qidalanması üçün müəyyən işlər görülə bilər. Aztəminatlı ailələrin övladları həmin bufetlərdə sağlıqlı qidalar istehlak edə bilər. Ümumiyyətlə, məktəb elə bir yerdir ki, burda nəyisə ixtisar etmək, bağlamaq olmaz. Məktəblərdə olan hər bir yer sırf şagirdlər üçün nəzərdə tutulub. Dərnəklər məktəblilərin asudə vaxtının səmərəli keçməsi üçün nəzərdə tutulub, bufetlər isə onların qidalanması üçün”.
Günel CƏLİLOVA