Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa və Ağdamda olublar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti mayın 31-də Şuşanın Yuxarı Gövhər Ağa məscidini, güllələnmiş heykəlləri, Xurşidbanu Natəvanın büstünü, Bülbülün ev muzeyini, Cıdır düzünü, Mehmandarovların malikanə kompleksini ziyarət edib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərində həyata keçirilən yenidənqurma işləri barədə din xadimlərinə məlumat verilib. Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı quruculuq işlərinə start verilib və infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Vurğulanıb ki, tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların bərpası, mühafizəsi Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu prosesə öz töhfəsini verməkdədir. İnsanların dini etiqadına olan dərin hörmət və həssas münasibətin təzahürü olaraq Qarabağdakı dini abidələrimiz üçün intibah dövrü başlayıb. Dağıntı və saxtakarlığa məruz qalan məscidlərin tarixi siması bərpa edilib.
Nümayəndə heyətinin üzvləri Cıdır düzündə də olublar.
Din xadimlərindən ibarət nümayəndə heyəti daha sonra Ağdam şəhərinə səfər edib. Ağdam Şəhidlər Xiyabanını ziyarət edən din xadimlərinə torpaqlarımız işğalda olan zaman buradakı məzarların da erməni silahlı birləşmələri tərəfindən vandalizmə məruz qalması barədə informasiya verilib.
Daha sonra İmarət Kompleksi, Ağdam şəhər Cümə məscidində aparılan təmir-bərpa işləri ilə tanış olan nümayəndə heyəti erməni işğalçılarının Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirdiyi digər vandalizm aktları haqqında məlumatlandırılıb. Vurğulanıb ki, ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.
Ermənilər məscidi məhz hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə edib, yandırmaqla, mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Nəinki ölkəmizdə, bütün dünyada abidələrin bərpasına xüsusi diqqət göstərən Heydər Əliyev Fondu tərəfindən məscidin ilkin memarlıq üslubuna uyğun olaraq konservasiya və restavrasiya işləri aparılıb.
ZÜMRÜD