Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

Ramin Qafarov: “Dünyada baş verən siyasi hadisələr istər-istəməz turizmə də təsir edir”
Rusiya mətbuatının məlumatına görə, 2025-ci ilin yaz mövsümündə rusların ən çox üz tutduğu xarici şəhərlər arasında İstanbul, Dubay, Minsk, Tbilisi, Daşkənd və İrəvan ön sıralarda qərarlaşıb. Lakin bu siyahıda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkərinin paytaxtları çoxluq təşkil etsə də, əvvəllər rus turistlərin əsas seçimlərindən biri olan Bakı siyahıda yer almır.
Bu vəziyyət bir sıra suallar doğurur. Niyə Bakı artıq rus turistlər üçün cəlbedici deyil? Rus turistlərin Bakıya səfər etməməsində siyasi amillər rol oynaya bilərmi? Məlumdur ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlər elə də yaxşı deyil. Bu münasibətlər turist sayına təsir edə bilər?
“AZAL və digər aviaşirkətlər 2024-cü ilin sonlarında Rusiyanın bir neçə şəhərinə uçuşları dayandırıb, nəticədə turist sayı azalıb”
Turizm üzrə ekspert Ramin Qafarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, turist sayının azalmasının müəyyən səbəbləri var: “Məlumdur ki, turistlər daha çox quru sərhəd yolu ilə səyahət etməyi sevir. Çünki quru sərhədlə səyahət daha maraqlıdır. Quru sərhədin bağlı olması turist sayına təsir edir. Həmçinin, hava nəqliyyatında da bəzi problemlərin olması bu sahəyə təsir edib. Məlumdur ki, AZAL və digər aviaşirkətlər 2024-cü ilin sonlarında Rusiyanın bir neçə şəhərinə uçuşları dayandırıb. Nəticədə rus turistlərin Bakıya birbaşa səyahət imkanları azalıb. Xidmət qarşılığında tələb olunan vəsaitin yüksək olması turistləri narazı salır. Otel qiyməti, iaşə obyektləri turist görən kimi menyunun qiymətini birə-beş qaldırır. Qiymətin yüksək olması turistləri ölkəmizdən qaçırır. Daha çox turist cəlb etmək üçün aşağı büdcəli otellərin sayı artırılmalıdır. Bir də ölkə ərazisində səyahət etmək üçün onlayn xidmətlərin inkişafına ehtiyac duyulur. Eyni zamanda, dünyada baş verən siyasi hadisələr istər-istəməz turizmə də təsir edir. Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar, oradakı iqtisadi tənəzzül nəticəsində Rusiyadan gələn turistlərin sayında azalma baş verə bilər”.
Günel CƏLİLOVA