Azərbaycandan xaricə kütləvi qızıl axını var...

Akif Nəsirli: “Hazırki şəraitdə Azərbaycan hökuməti qızıl külçələr ixracına daha çox üstünlük verir, çünki...”
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 95,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında qeyd edilir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə və ya 64 milyon ABŞ dolları çoxdur.
Maraqlıdır, qızıl ixracının artmasına səbəb nədir?
“Böhran dönəmində kapitalın saxlanması üçün nə səhmlərə, nə daşınmaz əmlaka, nə də digər digər vasitələrə etibar olunur, yalnız...”
İqtisadçı Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bütün əlamətlərə görə dünya iqtisadiyyatı böhranla üz-üzədir, beynəlxalq ekspertlər də bunu təsdiq edir: “Ekspertlərin bir qismi bu böhranın bizi tez yaxalayacağını bildirir, bəziləri isə müəyyən müddət qoyub, bir il və ya ilyarım. Beynəlxalq mütəxəssislərdə qənaət ondan ibarətdir ki, dünya iqtisadiyyatı böhranla üz-üzə olanda qızıla tələbat artır. Qızıla tələbatın artması ilə qızılın qiyməti də qalxır. Hazırda dünya bazarında qızıl qiyməti tarixi rekordu qırır. Bunun da səbəbi onunla bağlıdır ki, böhran yaxınlaşdıqca sahibkarkar rentabelli olmayan kapitalı dövriyyədən çıxarır. Böhran dönəmində kapitalın saxlanması üçün nə səhmlərə, nə daşınmaz əmlaka, nə də digər vasitələrə etibar olunur. Yalnız həmin kapitala qızıl alınması məqbul hesab edilir. Bu səbəbdən də dünyada qızıla tələbat artır. Bəziləri bu vəziyyəti 2008-ci il böhranı ilə müqayisə edir. Ancaq unutmaq lazım deyil ki, indiki böhranla 2008-ci ildə olan maliyyə böhranı eyni deyil. Maliyyə böhranı ilə iqtisadi böhran fərqli sahələrdir. Maliyyə böhranı dönəmində qızıl həqiqətən ucuzlaşır. Ancaq iqtisadi böhranda ehtiyatları qızıldan başqa heç nəyə etibar eləmək olmaz. Bu səbəbdən də dünya bazarında qızıla tələbat artır və bu artım qiymətə təsir edir”.
Həmsöhbətimiz hesab edir ki, hazırkı şəraitdə Azərbaycan hökuməti qızıl külçələr ixracına daha çox üstünlük verir. Çünki bu daha çox mənfəət gətirir.
Günel CƏLİLOVA