İbadət yerlərinin "rəislərini" QMİ yox, Komitə təyin edəcək - nə fərqi var?

Tural İrfan: “Hələ daha çox səlahiyyətləri alıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə vermək lazımdır”
Məlum olduğu kimi, ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyəti Ruhanilər İdarəsindən alınıb. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əsasnaməsinə bununla bağlı dəyişiklik edilib.
Dəyişikliyə əsasən, bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə edilib.
Maraqlıdır, bu dəyişikliyin hansı müsbət və ya mənfi təsiri ola bilər?
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu illər ərzindəki fəaliyyəti, demək olar ki, QMİ-nin yol verdiyi nöqsanları düzəltmək, bərpa etmək olub”
Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, din xadimlərinin təyinatı əvvəl Qafqaz Müsəlmanları İdarəsindən həyata keçirilirdi: “Onlar bu işi düz aparmırdılar. Əsasən İranda təhsil almış adamları təyin edir, yerlibazlıq, məzhəbçilik edirdilər. Savadlı, milli, dövlətçi kadrları yaxına buraxmır, heç İlahiyyat İnstitutunun məzunlarını da yaxın qoymurdular. Bu, Ramazan ayının bitməsini İranın Qum mollalarının fətvasına əsasən elan etdikləri zamanlar idi. Onların təyinatı nəticəsində ölkədə dini radikalizm, xurafat yayılırdı. Lakin bu təyinat məsələsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə keçdikdən sonra islahatlar aparıldı, öz ölkəmizdə təhsil almış milli kadrlara üstünlük verildi. Komitə bu sahədə bir yenilik etdi. Kadrların seçilməsi, attestasiyası və təyinatı Qafqaz Müsəlmanları İdarəsindən fərqli olaraq çox şəffaf, qanunlarımıza uyğun şəkildə aparılmağa başladı. Təyin etdiyi din xadimləri də işində effektli oldu. Beləcə, bir neçə il əvvəl verilmiş qərar indi də Qafqaz Müsəlmanları İdarəsinin öz əsasnaməsində əksini tapdı. Bu dəyişikliklər öz müsbət nəticələrini artıq çoxdan verir. Hələ daha çox səlahiyyətləri alıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə vermək lazımdır. Hazırda Həcc məsələsində çox böyük narazılıq, nöqsanlar var. Nəzir məsələlərində açıq qalmış mövzular var. Qafqaz Müsəlmanları İdarəsi yalnız simvolik olaraq qala bilər. Onlara nəzarəti artırmaq lazımdır. Çünki Rusiya və İrana meyl çoxdur. Bu idarə hələ milliləşməyib. Hələ çox dini fətvalarda İrana, İraqa bağlılığını sürdürür. Ya tam milliləşib xarici təqliddən əl çəkməli, ya da bütün səlahiyyətləri alınmalıdır. Sadəcə simvolik olaraq qala bilər. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu illər ərzindəki fəaliyyəti, demək olar ki, QMİ-nin yol verdiyi nöqsanları düzəltmək, bərpa etmək olub. Hesab edirəm ki, bu idarənin bütün səlahiyyətləri dövlət Komitəsinə keçməlidir. Bu, dövlətimiz, xalqımız, dinin doğru təbliği üçün zəruridir”.
Günel CƏLİLOVA