Azad edilmiş rayonlarımızda dəfnə icazə verildi - Laçın ilk oldu...

Ceyhun Məmmədov: “Hansı ərazilərdə mina təhlükəsi yoxdursa, dövlət bu məsələni həll edir, ancaq mina təhlükəsi olan ərazilərdə səbrli olub gözləmək lazımdır”
İşğaldan azad olunan ərazilərdə yenidənqurma işləri sürətlə davam edir. Böyük qayıdış davam edir. Əhalinin öz yurdlarına köçürülməsi mərhələli şəkildə davam etməkdədir. Öz yurdlarına qayıdan insanları narahat edən məsələlərdən biri isə rəhmətə gedən yaxınlarının doğma torpağında dəfn edilməsi idi.
Artıq Laçında dəfn mərasimlərinə icazə verilib. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bu barədə media nümayəndələrinə məlumat verib.
İşğaldan azad edilən digər rayonlarda da bu addımın atılması gözlənilirmi? Ümumiyyətlə, bu addım ziyalılar tərəfindən necə dəyərləndirilir?
“Yaxın vaxtlarda işğaldan azad edilən digər rayonlarda da buna şərait yaradılacaq, beləliklə, insanlar öz yaxınlarını doğma torpağında dəfn edəcək”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələ bir neçə dəfə parlamentdə müzakirəyə çıxarılıb: “Nəzərdə tutulub ki, işğaldan azad edilən digər rayonlarda da analoji addım atılsın. Bu prosesin qısa müddətdə baş verməsi asan məsələ deyil. Hansı ərazilərdə mina təhlükəsi yoxdursa, dövlət bu məsələni həll edir. Ancaq mina təhlükəsi olan ərazilərdə səbrli olub gözləmək lazımdır. Bu reallığı vətəndaşlar nəzərə almalıdır”.
Millət vəkili qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə elə qəbiristanlıqlar var ki, orada mina təhlükəsi var. Bu səbəbdən də həmin yerlərdə məlum iş gecikir: “Ümumiyyətlə, belə məsələlərdə tələsmək olmaz. Vətəndaşlar nəzərə almalıdır ki, mina təhlükəsinin olması dövləti ciddi narahat edir və bunun qısa müddətdə həll olunması üçün lazımi işlər görülür. Hazırda Laçında dəfn mərasimlərinə icazə verilib. Ümid edirəm ki, yaxın vaxtlarda işğaldan azad edilən digər rayonlarda da buna şərait yaradılacaq. Beləliklə, insanlar öz yaxınlarını doğma torpağında dəfn edəcək”.
Günel CƏLİLOVA