Elnur Fərzəliyev: “Mənzili daxili kredit və ya ipoteka ilə alan şəxslər müqavilədəki şərtlərlə razı deyilsə…”
Mənzil almaq, demək olar ki, hər kəsin arzusudur. İnsanlar illərlə pul yığır və xərclərinə qənaət edir ki, ev sahibi olsun. Məlumdur ki, Azərbaycanda ev almaq üçün ən sərfəli mexanizm dövlət xəttilə ipoteka kreditidir. Bu növ kreditlər ölkədə 2006-cı ildən verilir.
Onu da qeyd edək ki, Azərbaycanda mənzil almaq üçün bankdan ipoteka krediti götürməmək də olar. Belə ki, ölkədəki tikinti şirkətləri mənzillərinə müştəri tapmaq üçün daxili kredit mexanizmi tətbiq edirlər. Son zamanlar tikinti şirkətləri daha çox müştəri cəlb etmək üçün bir sıra üsullara əl atıb. Tikiniti şirkətləri ilkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb etməyə çalışırlar. Ancaq elə bir qayda tətbiq ediblər ki, bu qayda ev alan şəxsləri çətin vəziyyətə salır. Belə ki, vətəndaşlar ödəniş qrafikində cəmi 2-3 aylıq gecikməyə görə çox vaxt gözlənilməz şəkildə on minlərlə manat məbləğində cərimələrlə qarşılaşır, hətta mənzil belə geri alınır. Bu hallar da vətəndaşlarla MTK arasında böyük narazılığa səbəb olur.
“Vətəndaşın gecikdirdiyi ödənişlər səbəbilə MTK məhkəmə qərarı olmadan belə cərimə tətbiq edə və ya mənzili geri ala bilər”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nağd şəkildə mənzil almaq hər vətəndaş üçün əlçatan deyil: “Bununla bağlı zamanla həm dövlətin, həm də özəl sektorun layihələri olub. Böyük tikinti şirkətləri var ki, reklamları gedir, böyük kompleksləri var. Orada ilkin ödəniş ödənilir, qalan məbləğ isə aylara bölünür. Ümumiyyətlə, daxili və ya ipoteka kreditilə mənzil alan şəxslər sənədi, nəyə qol çəkdiyini bilməli, tam oxumalıdır. Mənzili daxili kredit və ya ipoteka ilə alan şəxslər müqavilədəki şərtlərlə razı deyilsə, notarial qaydada hüquqşünas yardımı ilə istənilən bəndi əlavə edə və ya çıxara bilər. Vətəndaş krediti hər ay yox, iki və ya üç ayda bir ödəyəcəksə, bu hal müqavilədə xüsusi bəndlə qeyd olunmalıdır. Müqavilədə bu qayda açıq şəkildə göstərilərsə, MTK mənzili geri ala bilməz. Əks halda vətəndaşın gecikdirdiyi ödənişlər səbəbilə MTK məhkəmə qərarı olmadan belə cərimə tətbiq edə və ya mənzili geri ala bilər”.
Günel CƏLİLOVA