Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında mühüm məsələlər müzakirəyə çıxarılıb. Əsas məsələlərdən biri miras və vərəsəlik hüququ ilə bağlıdır. Belə ki, Azərbaycanda vərəsə miras açıldıqdan sonra ölərsə, onun ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək. Bununla bağlı Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, o cümlədən “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişikliklər olunması təklif edilir. İclasda qeyd edilib ki, vərəsə mirasın qəbulundan imtina üçün Mülki Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənə qədər notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Sənəddə vurğulanıb ki, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.