Bəli, bu həqiqətdir. Çoxdandır Lerikin dağ kəndləri keçən əsrin qanunları ilə idarə olunur. Odur ki, gözdən uzaq bu yerlərin nökərləri üçün yaşamaq cəhənnəm əzabı qədər dözülməzdir. Bəylərin harınlığı kəndlinin bütün rahatlığını əlindən almışdır. Zülmkar bəylərin əlindən bezar olub doğma ocağını qoyub qaçanlar da vardır. Təəssüf ki, müasir Azərbaycanın qanunları açıq-aydın burada zalımlara, dövlətin, xalqın malını çapıb-talana xidmət edir.
Kəndlərin hər şeyi hazırda bir-iki bəyin əlindədir. Həmin bəylərin bir qismi vaxtı ilə dövlət işində çalışıb, hazırda vəzifə tutanları da vardır. Onlara bu şəraiti yaradan isə rayon rəhbərləridir. Buna görə də sovet vaxtı hər cür şəraiti olan kəndlərdən artıq heç bir əsər-əlamət qalmayıb. Yaraşıqlı mədəniyyət evləri, kitabxanalar, xəstəxanalar, digər məişət obyektlərı, idman meydançaları, hamamlar,... çoxdan dağılıbdır. Lerik kəndlisini hətta əzəldən bağlandığı, dolanışıq yeri olan torpaqdan da perik salıblar. Bəy var 30-40 hektar sahəni dədə malı kimi zəbt edib. 20 nəfərə məxsus bulağı, örüşü, meşəni, yamacı çəpərə salıb. Rayonda o qədər özbaşınalıqdır ki, kəndin halal sahibi 25 ilə yaxındır dövlət tərəfindən ona ayrılan pay torpağına sahib çıxa bilmir. Əgər zəncirlənmiş meşələr azad olunsa, kəndlərdə yanacaq qıtlığı da olmaz.
Dağ kəndlərində dükançı bəylər üçün meydan daha genişdir. Qaz vurub qazan doldurmaq məqsədilə sadə insanları necə lazımdır aldada bilirlər. Belə ki, Lənkərandakı iri şirkətlərin vaxtı keçmiş, istifadəyə yarasiz, mənşəyi bilinməyən məhsullarını çox ucuz qiymətə götürüb hökmranlıq etdiyi kəndlərdə beş qat baha qiymətə sakinlərə sıraya bilirlər. Özü də onların dükanları həmişə ərzaq məhsulları ilə dolu olur. Amma onların arasında təzəsinə heç vaxt rast gəlinmir.
Sözün qısası, Lerikin sahibsiz kəndlərində hərc-mərclik baş alıb gedir. Burada həyatı əziyyət içində keçən kəndlinin taleyi heç kimi düşündürmür.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü