İnsanlar daha çox soyuq havada xəstələnirlər. Bu vaxtlar apteklərin də işi yaxşı gedir desək, yanılmarıq. Çünki yoluxucu xəstəliklər artanda əczaxanaların müştəriləri də çoxalır. Ancaq son vaxtlar apteklərin işi heç də yaxşı deyil. Çünki dərman çatışmazlığı yaşanır. Hətta bəzi dərmanların əvəzediciləri belə tapılmır.
Hazırda Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik qonşu ölkələrə də təsir edib. Danılmaz faktdır ki, ölkəmizə dərman əsasən Rusiya və Ukraynadan idxal olunurdu. Bu iki ölkə arasında baş verən müharibəyə görə ölkəmizə dərman idxalında çətinlik yaşanır. Hətta bu məsələ bu günlərdə Milli Məclisdə də müzakirə olunub.
Milli Məclisin ötən iclasında çıxış edən deputat Rüfət Quliyev qeyd edib ki, ölkədə dərman çatışmazlığı yaşanır: “Bu gün bir aydan çoxdur ki, “Adrenalin” adında dərman yoxdur. Bu gün 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb. Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da bu problemin mövcudluğunu təsdiqləyib: “Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır”.
Qeyd edildiyi kimi, dərmanların Türkiyə və digər ölkələrdən idxal edilməsində müəyyən çətinliklər yaşanır. Məlum dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi elə də asan deyil.
Ölkədə yaşanan dərman çatışmazlığı problemi necə həll olunmalıdır?
“Qardaş Türkiyədən və Avropadan keyfiyyətli dərmanları gətirmək heç də asan deyil”
Professor, həkim ekspert Adil Qeybulla bildirdi ki, dərman qıtlığı ölkədə hiss ediləcək dərəcədə problemlər yaradır: “Bu, xüsusilə də xəstəxanalarda həkimlərin müalicə işinin aparılmasına xeyli əngəl törədir. Bütün bu kimi həlli vacib məsələlər nəzərə alınmalı və qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir. Şayiələr gəzir ki, dərman preparatlarının əsas maddəsinin miqdarı azaldılır. Gedib danışılır yerində və sair. Əvvəla, buna imza atan şirkətlər xaricdə cinayət məsuliyyətinə qol çəkirlər. Nəzərə almaq lazımdır ki, bu cür dərmanlar xəstələrə təsir etmir. Biz indi görürük ki, ölkəyə 100-dən çox antibiotiklər gətirilir. Bunların çoxu keyfiyyətsizdir. Bizim çoxumuz keyfiyyətsiz dərman prepatları ilə rastlaşırıq. Ümumiyyətlə, hər bir ölkə özünün dərman strategiyası ilə bağlı düşünməlidir. Ölkəmizə keyfiyyət parametrləri heç bir şübhə doğurmayan dərmanlar idxal edilməlidir. Qardaş Türkiyədən və Avropadan isə həmin dərmanları gətirmək heç də asan deyil”.
Günel CƏLİLOVA