Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir - ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil.
Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, 2040-cı ilə qədər Bakı Bulvarının ərazisinin genişləndirilməsi, yaşıllıqların sahəsinin təxminən 4 dəfə artırılması nəzərdə tutulur.
Ekspertlər bildirir ki, Bakıda yaşıllıq sahəsi azalır, quraqlıq sürətlənir. Təbii ki, bu da ekoloji baxımdan müəyyən problemlərə səbəb olur.
“Bölgələrdə və paytaxt Bakı ərazisində yaşıllıq sahələrinin azalması ekosistemə ciddi təsir göstərir”
Bakıda yaşıllığın azalması barədə fikir bildirən ekoloq Flora Hacıyeva qeyd etdi ki, şəhərdə kütləvi şəkildə söküntü və tikinti işləri aparılır: “Beynəlxalq ekoloji təşkilatlar indiyədək bir neçə dəfə öz hesabatlarında Azərbaycan paytaxtını “Dünyanın çirkli şəhərləri” siyahısına daxil edib. Doğrudan da, məişət tullantılarının yığılıb qalması, aşıb-daşan zibil qutularının vaxtlı-vaxtında təmizlənməməsi paytaxtın görkəminə ciddi xələl gətirir. Belə xoşagəlməz vəziyyətlə Bakının, demək olar, əksər küçələrində rastlaşmaq olur. Bakı dünyada bəlkə də yeganə şəhərdir ki, bircə metrliyində yekə bir zibillik var. Həmin zibillikdən hər gün paytaxtın müxtəlif ərazilərinə xoşagəlməz üfunət yayılmaqdadır. Halbuki, hər il dövlət büdcəsindən Bakının təmizliyi ilə əlaqədar mənzil-istismar sahələrinə milyonlarla manat pul ayrılır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bölgələrdə və paytaxt Bakı ərazisində yaşıllıq sahələrinin azalması ekosistemə ciddi təsir göstərir və iqlim dəyişikliklərinə səbəb olur. Bunun qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir: “Ümumiyyətlə, dünyada olduğu kimi, Azərbaycanda da səhralaşma ciddi problemlərdən biri olaraq qalır. Bu problem keçən əsrin 70-80-ci illərindən başlayaraq özünü qabarıq şəkildə göstərməyə başlayıb. Həmçinin, yağıntının bir qədər də azalması quraqlığa və bunun nəticəsi kimi səhralaşmanın yayılmasına gətirib çıxara bilər”.
Ekspertin dediyinə görə, qanunvericilikdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələri üçün ümumi istifadədə olan yaşıllıqların norması, yəni bir adama düşən yaşıllıq sahələri müəyyən olunub. Belə ki, hər məhəllədə məktəb, uşaq bağçası, mağazalar, poçt, yaşıllıq olmalıdır. Bizdə isə bu qayda-qanun gözlənilmir.
Günel CƏLİLOVA