Azad ərazilərə vətəndaşlar ildə yalnız bir dəfə səfər edə biləcəklər, səbəbi isə... - YENİLƏNDİ

img

Azad olunmuş ərazilərə imtiyazlı şəxslər də daxil olmaqla, vətəndaşlara ildə yalnız 1 dəfə səfər etmək icazəsi verilir.

Trend-in məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, sərnişinlər fərdi qəza sığortası ilə təmin edilir. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

İşğaldan azad edilmiş ərazilərə hər bir vətəndaşa bir dəfə səfər etmək icazəsinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, hazırda azad edilmiş ərazilərə səfər etmək istəyənlərin sayı həddindən artıq çoxdur.

“Hazırda avtobusların sayı tələbin tam qarşılanmasına imkan vermir. Ancaq ən azından hər bir şəxs o ərazilərə bir dəfə səfər etdikdən sonra və həmin ərazilərə sərnişin axınının necə olacağını müəyyən etdikdən sonra əlavə qərarlar veriləcək”, - deyə R.Hümmətov bildirib. O qeyd edib ki, hələlik biletlərin ikitərəfli alınması ilə bağlı tələb var. “Əraziyə çatdıqdan sonra ziyarət marşrutu üzrə hərəkət ediləcək, o marşrutdan yayınmaya imkan verilmir və bu, təhlükəsizliklə əlaqəlidir. Həmin ərazilər ziyarət edildikdən sonra geri dönülür”, - deyə nazir müavini vurğulayıb.

Peşə etikası

Son xəbərlər