Xırdalan şəhəri AAAF Park Yaşayış kompleksinin bir qrup sakini bu günlərdə etiraz aksiyası keçirib. Sakinlərin etiraz etməsinə səbəb aldıqların mənzilin onlara təhvil verilməməsidir.
Şikayətçilər qeyd edir ki, nağd şəkildə ödəniş etsələr də, illərdir mənzillər təhvil verilmir: “7 ildir nağd qiymətə ev almışıq. Artıq 2 ilə 4 bina tikilib, hər şey hazırdır. Amma evləri vermirlər. Sentyabrda AAAF-dan mesaj gəldi ki, eviniz hazırdır, gəlib açarları götürə bilərsiniz. Ofisə yaxınlaşdıqda isə mesajın səhv göndərildiyini, oktyabrın 15-də gəlməyimizi dedilər. Günbəgün, aybaay vaxtı uzadırlar. Şikayətimizə heç kim baxmır, içəridən biri də çıxıb danışmır. Hətta bina üçün 950 manat sayğac pulu alınsa da, sayğac hələ də quraşdırılmayıb. Öz əlimizlə pul verib ev almışıq. Belə olmaz axı! AAAF-ı məhkəməyə də vermişik. Məhkəmə qərar çıxarıb ki, pul qaytarılsın. Onlar da qərardan Apeılyasiyaya, Ali məhkəməyə şikayət veriblər”.
“Kommunikasiya xətlərinin qoşulması prosesi getdiyi bir məqamda bir qrup şəxsin bu şəkildə toplaşmasını təəccüblə qarşılayır və bunu hansısa formada işimizə maneə kimi qiymətləndiririk”
Məsələ ilə bağlı AAAF Park Yaşayış kompleksindən bildirildi ki, hazırda həmin binalarda son tamamlama işləri gedir: “Aidiyyəti qurumlar tərəfindən bu və ya başqa şəkildə yaradılmış süni problemlərə baxmayaraq, “AAAF İnşaat” inşaat öhdəliyində olan bir neçə binanın tikintisini sonlandırıb. Hazırda son tamamlama işləri gedir. Kommunikasiya xətlərinin qoşulması prosesi getdiyi bir məqamda bir qrup şəxsin bu şəkildə toplaşmasını təəccüblə qarşılayır və bunu hansısa formada işimizə maneə kimi qiymətləndiririk. Halbuki həmin şəxslərə fərdi qaydada dəfələrlə məlumat verilib, mövcud vəziyyət izah olunub. Bir daha bəyan etmək istəyirik ki, şirkətin mövcud vəziyyəti və potensialı barədə bütün istiqamətlərdə aidiyyəti qurumlarla koordinasiya halındayıq. Həmçinin baş verənlərin obyektiv şəkildə araşdırılacağına ümid edirik”.
Son olaraq qeyd edək ki, adıçəkilən yaşayış kompleksi ilə bağlı mütəmadi olaraq mətbuatda şikayətlər yayılır.
Günel CƏLİLOVA