“Təhsil haqqında” qanuna bu dəyişiklik niyə icra olunmur - abituriyent qrupları...

Kamran Əsədov: “4 il öncə birillik hazırlıq kursları yaradılmalı idi, ancaq hələ də bu qərardan hələ də xəbər yoxdur”

img

2018-ci ildə “Təhsil haqqında” qanuna əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi.

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun 4 ildir qəbul olunmasına baxmayaraq, hələ də icra olunmur. Qanunun nə səbəbdən icra olunmaması ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, Nazirlər Kabinetinin qərarına əsasən birillik hazırlıq kursları yaradılmalı idi. Ancaq hələ də bu qərardan xəbər yoxdur: “Nazirlər Kabinetinin 2017-ci il fevralın 8-dəki 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na 5.10-cu bənd əlavə edilib. Həmin bənddə deyilir: “Ali məktəblərə müsabiqənin nəticələri elan olunduqdan sonra, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlər tərəfindən bu qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır”. Eyni zamanda 2018-ci ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi, amma hələ də yaradılmayıb”.

Ekspert onu da əlavə etdi ki, bu qruplar abituriyentlərin xərclərinin azalmasına və qəbul imtahanlarına daha səmərəli hazırlaşmasına kömək edə bilər. Hazırlıq qruplarının 2018-ci ildən fəaliyyətə başlayacağı bildirilsə də, sonra 2019-cu ildə mütləq olacağı açıqlandı. 2020-ci ildə pandemiya səbəbindən qaldı, 2021-ci ildə isə bu barədə düşünülürdü. Amma hələ də bir xəbər yoxdur.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər