
30 ildir ki, Lerik rayonunun Daster ərazisinə işləyən marşrut avtobusu yoxa çıxıb. Bu səbəbdən də camaat bir yerə çıxanda böyük əziyyətlə üzləşir. Onu da deyim ki, 17 kilometr məsafəni birləşdirən Hamarat - Piran yolu düz Dasterin mərkəzindən keçir.
Dörd il bundan əvvəl yola asfalt döşəndiyi üçün çox rahatdır. 2 saata başa gələn yol hazırda 30 dəqiqəyə qət olunur. Əhalinin rahatlığına görə dövlət buraya 11 milyondan artıq vəsait sərf etmişdir. Amma ictimai nəqliyyat işləmir, ara sürücülər yolda istədiyini edə bilirlər. Məcburiyyət qarşısında qalıb bir yerə çıxma istəyəndən 17 kilometr məsafəyə görə hər gediş-gəlişdə ötrü 10 manat pul alırlar. Özü də qanunsuz fəaliyyət göstərir, dövlətə heç bir vergi ödəmirlər.
Kənd sakini Əmi Əliyev deyir ki, sovet dağılan kimi marşrut avtobusunu əlimizdən aldılar. Onda yolumuz o qədər də rahat deyildi. Qaldı ki, avtobusun xidməti camaatı razı salırdı. İndi qalmışıq ara sürücülər əlində. Artıq onların nalayiq əməllərindən bezar olmuşuq. Bir yerə çıxa bilmirik, çıxanda da yol pulunu yüksək deyirlər. Hələlik bu özbaşınalığa son qoyan tapılmır. Yolumuz rahatdır, mənzil başına çatana qədər heç adamın ruhu belə incimir. Buna görə sağ olsun dövlətimiz. İndi 5-6 ərazidən keçən Hamarat - Piran marşrutuna avtobus verməklə 35-ə yaxın dağ kəndinin camaatı çox çətinlikdən qurtarar. Məsələnin həyata keçməsində ümidimiz yalnız dövlət başçısına qalır.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü