Qazilərin öz döyüş medallarını satması, bağışlaması hallarının artması ictimai müzakirəyə səbəb olub...

img

Sosial şəbəkələrdə Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Banipaşa Əvəzin aktyor Oktay Kaynarcaya medalını bağışlaması müzakirə yaradıb. Məlumat üçün deyək ki, bu barədə O.Kaynarca “İnstaqram” səhifəsində paylaşım edib: “Dünən axşam Qarabağ qazisi olan qardaşlarımla bir arada idik. Qardaşlardan Əvəz Bani-Paşa sinəsindəki cəsarət medalını çıxarıb döşümə taxdı. Həmişə qəlbimizin üstündə qalacaqsınız”, - deyə o qeyd edib.

Daha sonra qazimizin bu hərəkəti vətəndaşlarımız tərəfindən birmənalı qarşılanmayıb. Əksər insanlar onu əməlinə görə tənqid atəşinə tutub.

Məlumat üçün qeyd edək ki, qazi aktyora “İgidliyə görə” medalını hədiyyə edib.

Qeyd edək ki, zamanla müharibə iştirakçılarının, qazilərin öz medallarını satışa da çıxarması haqqında məlumatlarla rastlaşmışıq.

  • Aytəkin Kamranqızı: “Qazinin öz medalını satması və ya kiməsə hədiyyə etməsi hüquqi cəhətdən doğru deyil”

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, qazinin öz medalını satması və ya kiməsə hədiyyə etməsi hüquqi cəhətdən doğru deyil. “O medalı satmaq olmaz. Çünki dövlət təltifidir, ona görə də mülki dövriyyədə olmayan maldır. Hansı malların dövriyyəyə buraxılıb-buraxılmaması barədə xüsusi siyahı var. Bu da dövriyyədə olmayan mal olduğu üçün onu rəsmən satmaq və ya hədiyyə etmək düzgün deyil. Həm mənəvi, həm də hüquqi cəhətdən satmaq olmaz. İndi inanmıram ki, kimsə o medalı alsın”.

  • Ədalət Verdiyev: Medalın sənədində aktyorun deyil, qazinin adı yazılıb, bu da dövlət rəhbəri tərəfindən ona verilmiş dəyərdir”

Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, qazinin məlum hərəkəti düzgün addım deyil: “Bu qətiyyən doğru deyil. Medalın sənədində aktyorun deyil, qazinin adı yazılıb. Bu da dövlət rəhbəri tərəfindən ona verilmiş dəyərdir. Çox yanlış bir addımdır, analoqu olmayan hadisədir. Nədənsə, belə hallara yalnız Azərbaycanda rast gəlinir, başqa yerlərdə yox. Kifayət qədər səhv addımdır və bunu qınayıram”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər