Ucarın Təzə Şilyan sakinləri kənd məktəbinin binasından haray çəkir…

img

Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları bunun göstəricisidir.

Qeyd edək ki, ölkədə keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması üçün, peşəkar kadr potensialı ilə yanaşı, müasir standartlara cavab verən təhsil müəssisələrinin olması da əsas şərtdir. Məlumdur ki, son illər Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər yararsız məktəblərin sayını xeyli azaltsa da, yenə də təmirsiz, tədrisə yararsız məktəblər var. Qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binaların tikilməsi və əsaslı təmir işlərinin aparılması ilə problem tədricən həllini tapır.

Ancaq yenə də ölkədə qəzalı, tədrisə yararsız vəziyyətdə olan məktəblər var. Belə məktəblərdən biri də Ucarın Təzə Şilyan kəndindədir. Kənd sakinlərinin bildirdiyinə görə, məktəb qəzalı vəziyyətdə olduğu üçün övladlarını məktəbə göndərməyə qorxurlar: “Bir neçə gün bundan əvvəl dərs zamanı məktəbin arxa otaqlarından birinin tavanı çökmüşdü. İkinci mərtəbədən mişar daşları otağa tökülmüşdü. Çox şükür ki, həmin vaxt otaqda heç kim olmamışdı. Buna görə də xəsarət alan da yox idi. Lakin səs-küydən şagirdlər və müəllimlər bərk qorxmuşdular. Elə bilmişdilər ki, məktəb dağılır”.

Məlumat üçün bildirək ki, bu, əhalisi 4 000-ə yaxın olan Təzə Şilyan kəndinin yeganə orta məktəbidir. 20 sinif otağı olan məktəbdə 300-dən artıq şagirdin təlim-tərbiyəsi ilə 25 nəfər müəllim məşğul olur.

  • Ucar Rayon Təhsil Şöbəsi: “Məktəbin yarımçıq tikilərək istifadəyə verilməsi ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb”

Məsələ ilə bağlı Ucar Rayon Təhsil Şöbəsindən bildirildi ki, məktəbdə dəfələrlə olublar və oradakı acınacaqlı vəziyyət barədə məlumatları var: “Məktəbin yarımçıq tikilərək istifadəyə verilməsi ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Məktəbin əsaslı təmir olunması yaxın vaxtlarda gözlənilmir”.

  • Nizami Hüseynov: “Tədrisin keyfiyyətinə birbaşa məktəbin infrastrukturu təsir göstərir”

Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, hazırda ölkədə 4447 ümumtəhsil məktəbi var. Bu isə o deməkdir ki, 900-ə yaxın məktəbin yenidən tikilməsinə və ya bərpasına ehtiyac var: “Təəssüflər olsun ki, bu sahədə iş müəyyən qədər zəif aparılır. Hazırda bölgələrdə qəzalı vəziyyətdə olan və hər an uçma təhlükəsi ilə üzləşən məktəblər var. Bu isə insanların həyatı üçün olduqca təhlükəlidir. Danılmaz faktdır ki, ölkə rəhbərliyi təhsilə çox ciddi qayğı və diqqət göstərsə də, müəyyən qədər aidiyyəti dövlət qurumları bu sahəyə səhlənkar yanaşır. Mətbuatda hər hansı bir məsələ işıqlandırıldıqdan sonra həmin problemin həlli istiqamətində iş görülməsi təmin edilir. Ölkəmizdə modul tipli məktəblərin sürətlə inşası həyata keçirilərsə, uşaqlar yaxşı şəraiti olan təhsil müəssisələrində təhsilini davam etdirər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, tədrisin keyfiyyətinə birbaşa məktəbin infrastrukturu təsir göstərir. Bugün qəzalı vəziyyətdə olan məktəblərin yetirmələrinin nəticəsi elə də yüksək deyil. Bu istiqamətdə dövlət proqramını daha da genişləndirmək lazımdır.

Günel CƏLİLOVA   

Peşə etikası

Son xəbərlər