Dünya taxıl birjalarında bahalaşma baş verdiyinə görə Azərbaycan hökuməti unun və çörəyin qiymətini nəzarətə götürüb. Belə ki, idxal, eləcə də emal xərclərini hesaba almaqla hazırda bu məhsula real qiymət formalaşıb.
50 kiloqramlıq bir kisə unun topdansatış maksimum qiyməti 35, 9 manat müəyyən edilibdir. Lerik rayonunun ucqar dağ kəndlərində olan dükan sahibləri hökumətin bu qiymətini saya salmırlar. Heç nədən çəkinmədən, qorxmadan unun qiymətini qaldırıblar 43 manata. Özü də bu dükanların əksəri saxta sənədlərlə qanunsuz fəaliyyət göstərir. Onların sahibləri yaranmış vəziyyətdən hələlik sui-istifadə edir, öz iyrənc əməllərini dövlətin adi ilə bağlayırlar. Burada əsas məqsəd isə külli miqdarda haram pul qazanmaqdır. Məsələ təkcə unda deyil. İndi 20 ildən çoxdur “kənd tacirləri” istədiyi şəkildə imkansız camaatın aldadır, satdığını qiymətdən bahasına onlara sırıya bilirlər. Nədənsə səlahiyyətli təşkilatlar da onların xətrinə dəymək istəmirlər.
Özü də gözdən yayınmaq üçün dükanlarını evlərinin alt hissəsində təşkil ediblər. Kənd sakinlərdən başqa bunların yerini bilən olmur. Yararsız, qaranlıq otaqlardan ibarət bu ərzaq dükanlarda istədiyin qida məhsullarını tapa olur. Qaldı ki, çeşid-çeşid, uzaqdan adamım diqqəti çəkən bu ərzaq məhsullar vaxtı keçmiş, mənşəyi məlum olmayan, insan orqanizmi üçün təhlükəlidir. Daha dəqiq desək, dükanlarda hər nə olursa, Lənkəran şəhərində fəaliyyət göstərən iri şirkətlərin vaxtı keçmış, atılmış ərzaqlarıdır. Beləcə Lerikin dağ kəndlərində dükan sahiblərin özbaşınalığı camaatı çətinə salsa da, hələlik bir çıxış yolu tapılmır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü