Səhiyyə Nazirliyi Azərbaycanda koronavirusun “Omikron” ştammının aşkarlandığını bəyan edib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Qeyd edək ki, bir çoxları ötən ilin sonundan əhali arasında geniş yayılmış boğaz ağrısı və yüksək hərarətlə müşayiət olunan xəstəliyin məhz “Omikron” olduğu düşüncəsindədir. Səhiyyə Nazirliyi rəsmiləri bunun əksini deyir və qeyd olunan halın mövsümi qrip olduğunu bildirir.
Maraqlıdır, ölkəmizdə “Omikron” ştammının aşkarlanması ilə karantin qaydaları yenidən sərtləşdirilə bilərmi?
“Hazırkı dönəmdə vaksinasiyanı intensivləşdirməliyik, mümkün qədər təmasları azaltmalıyıq ki, yoluxma sayı az olsun”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, vəziyyət pisləşərsə, karantin yenidən sərtləşdirilə bilər: “Azərbaycanda “Omikron” ştammına yoluxanların sayı ilə bağlı reallığı birmənalı demək çətindir. Qonşu ölkələrdə xəstə sayı bu qədər çoxdursa, Azərbaycanda da olması tam real və məntiqlidir. Hazırkı dönəmdə biz karantin tədbirlərini gözləməliyik, vaksinasiyanı intensivləşdirməliyik, mümkün qədər təmasları azaltmalıyıq ki, yoluxma sayı az olsun”.
Ekspert hesab edir ki, hazırda xüsusi sərtləşdirməyə ehtiyac yoxdur. Təbii ki, “Omikron” ştammı sayəsində həddən artıq xəstə sayı artarsa, xəstəxanalara yerləşdirilənlərin sayı çoxalarsa, epidemioloji vəziyyət pisləşərsə, vacib qərar verilə və karantin sərtləşdirilə bilər.
Həkimin sözlərinə görə, “Omikron” növbəti mutasiya ştammıdır. Ştammın xeyli yoluxucu olmasına baxmayaraq, letallıq (ölüm törətmə) əmsalı əvvəlki ştammlardan xeyli aşağıdır.
Son olaraq qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarro xarici mediaya açıqlamasında deyib ki, yeni növ koronavirusun “omikron” ştammı ilə bağlı gərginlik üç ay davam edəcək: “Ciddi məhdudiyyətlər tətbiq etmək heç bir ölkədə məqsədəuyğun deyil. Amma bundan sonraki çətinliklər cəmi üç ay davam edəcək”.
Günel CƏLİLOVA