Lənkəran rayonunun Şağlaser kəndində dünyaya gəlmiş Murad Mahmud oğlu Hüseynzadə İkinci Qarabağ müharibəsində Vətən torpaqların azadlığı uğrunda göstərdiyi şücaətlə gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazdı. Fəqət, torpağı Vətən edən, özünü bu yolda qurnan verən millərlə qəhrəman oğullardan bir də Murad oldu. Aprel döyüşlərinin iştirakçısı olan Murad Hüseynzadə Vətən müharibəsində bir çox yaşayış məntəqələrin düşmən tapdağı altından azad olunması uğrunda gedən haqq savaşımızda erməni faşistlərinə qan qusdurub. O, müqəddəs bir yolda, oktyabrın 31-də Laçın koridoru istiqamətində gedən döyüşlərdə şəhid olanda ömrünün 22-ci ilini yaşayırdı. Qısa ömür yolunu qəhrəmanlıqla, mərdliklə başa vuran Murad xalqın ürəyinə köçməklə bərabər həm də, dövlət tərəfindən “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azad olmasına görə medallarına layiq görülür.
Lənkəranın igid oğlu yaşasaydı, 24 yaşına keçərdi. Nə qəm, Murad cismən aramızda gedib, harada bir günəş müqəddəsliyi var onun sorağı oradan gəlir. Və Azərbaycan var olduqca, Murad da olacaqdır. Lənkəran camaatı yığışıb şəhidin doğulduğu doğma kəndində ad gününü keçirdilər. Mərasimdə İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Sosial Xidmətlər Agentliyinin 13 saylı regional filialının müdiri Ramin Höccətov, Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev və başqaları çıxış edərək bildirdilər ki Murad Vətəninə, torpağına ilahi bir məhəbbətlə bağlanmışdı. Məhz buna görə könüllü müharibəyə getdi, göstərdi şücaəti onu bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevirdi. Şərəfli ölümü ilə ürəklərdə özünə əzəmətli abidə ucaldan Muradla Lənkəranda kiçikdən tutmuş böyüyə kimi hamı qürur duyur. Qərinələr boyunca da belə olacaqdır. Bu el heç vaxt öz qəhrəman oğlunu unutmaz. Gün boyu davam edən mərasimin iştirakçıları Şağlaser kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Murad Hüseynzadə ilə yanaşı, 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin də xatirəsinə ehtiram əlaməti olaraq uyuduqları yerə gül dəstələri düzdülər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü