Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayət məktubunda qeyd edilir ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsi Şəhid Nəsib Məmmədov adına 1 saylı Körpələr Evi qəzalı vəziyyətdədir: “Körpələr Evi, binası dağıdıldığı üçün ondan da pis gündə olan Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbin hər tərəfi daş betonla əhatə olunmuş korpusunda yerləşdirilib. Adətən hər tərəfi betonla əhatə olunmuş otaqlar cəzaçəkmə müəssisələrində olur ki, belə otaqlara “KARS”, “cərimə təcridxanaları” deyilir və bu təcridxanalarda azadlıqdan məhrum edilənlər müəssisənin daxili nizam-intizam qaydalarını pozduqları üçün cəzalandırılırlar.
Çox təəssüflər olsun ki, Goranboy rayonu Qızılhacılı qəsəbə Şəhid Nəsib Məmmədov adına 1 saylı Körpələr Evinin uşaqları da belə bir, yəni hər tərəfi betonla əhatə olunmuş otaqlarda təhsil alırlar. Uşaqlar bizim gələcəyimizdir. Neçə illərdir Körpələr Evi İcra hakimiyyətlərinə tabe idi. Nə səbəbə Goranboy İcra Hakimiyyəti bu Körpələr Evini nəzarətə götürmür?”.
Qızılhacılı qəsəbə sakini Neman Eminovun şikayəti ilə bağlı Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin humanitar şöbəsindən “Bakı-Xəbər”ə bildirildi ki, rayon ərazisində olan bütün uşaq bağçaları əsaslı təmir olunub, tikinti işləri aparılıb. Qəzalı vəziyyətdə olan 1 saylı Körpələr Evi də yaxın zamanda təmir olunacaq.
Günel CƏLİLOVA