Hər dəfə pensiya vaxtı gələndə Lerik rayonunun çox dağ kəndində yaşayan qocaların ürəyini bir səksəkə alır. Səbəb də respublikamızda bankomatların meydana gəlməsidir. Bu mütərəqqi üsulla müxtəlif ödəmələr nə qədər rahat, səmərəli olsa da, dağlar diyarının Vov, Vənədi, Nısoədi, Ləkər, Daster, Bradi, Hamarat, Dzdipok, Siyov, Hovil, Qışlaq, Vılıq, Conu, Vıjaker, Qılqılov ...kəndlərində yaşayan əhali üçün müşkül problemə dönüb. Sözügedən ödəmə formasının xidmətindən ən çox yaşlı adamlar əziyyət çəkirlər. Çünki, dediyim yaşayış məntəqələrində bankomat yoxdur. Doğrudur, 18 kilometr aralı Piran kəndində bankomat fəaliyyət göstərir. Rayonda ictimai nəqliyyatın yoxluğu üzündən oraya düşmək yaşlı adamlara çətin gəlir. Onu da bildirim ki, dövlət 11 milyon vəsait hesabına Pirandan Hamarata rahat asfalt yolu çəkmişdir. Adlarını çəkdiyim kəndlərin camaatı ata -babadan həmin yoldan istifadə ediblər. Qaldı 30 ilə yaxın yolda işləyən avtobus ləğv olduğuna görə indi orada ara sürücülər istədiyini edə bilirlər...
Hamarat kəndindən Zakir Həmidov adlı pensiyaçı deyir:- Pensiya gələn vaxtı camaat çox əziyyət çəkir. Onu vaxtında götürmək olmur. Bizə yaxın olan Piran kəndində bankomat vardır. Pensiya vaxtı 18 kilometr yolu gedib-gəlmək üçün ara sürücülər bizə elə qiymət deyirlər ki, onu verməyə imkanımız olmur. İmkan tapıb Pirana düşəndə də bankomatda ya pul olmur, bəzən də böyük növbə gözləyirik. Aylarla pulumuz bankomatda qalır. Əgər avtobusumuz yenidən yolda görünsə, vəziyyətdən çıxmaq asandır. Amma buna inanmağımız gəlmir. Ona görə Lerikdə çoxdandır ictimai nəqliyyat işləmir. Məhz bütün bunları nəzərə alıb, onlarla yaşayış məntəqəsinə münasib ərazidə yerləşən Bradi kəndində bankomatın təşkili olduqca vacibdir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü