Azərbaycandakı bəzi universitetlərdə oxuyan tələbələrdən təhsil haqqının birdəfəlik ödənilməsinin tələb edilməsi zamanla gündəmə gəlir. Pandemiya ilə əlaqəli olaraq bəzi iş yerlərinin bağlanması və insanların gəlir yerlərindən məhrum olması bir çox çətinliyi də özü ilə bərabərində gətirdi.
Belə çətinliklərdən biri də işsiz qalan valideynlərin övladlarının təhsil haqlarını ödəməkdə çətinlik çəkməsi ilə bağlıdır. Belə ki, sosial təminatı aşağı olan, valideynlərinin birini, yaxud hər ikisini itirən tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün təhsil aldığı müəssisədən çıxarılma təhlükəsi ilə üzləşdi.
Xatırladaq ki, bununla bağlı Nazirlər Kabinetinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, əyani təhsil alan və sosial baxımdan həssas ailə qruplarına aid olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.
Lakin hazırda pandemiya şəraitilə əlaqədar karantin rejiminin davam etməsi tələbələr üçün təhsil haqqı xərclərinin ödənilməsi problemini yenidən ortaya çıxarıb. Məlumdur ki, pandemiya ilə əlaqədar olaraq bəzi ailələrin sosial durumu tam şəkildə düzəlməyib. Belə olan halda universitetlərin tələbələrdən təhsil haqqını tam şəkildə tələb etməsi nə dərəcədə düzgündür?
Onu da bildirək ki, ali təhsil müəssisələri ödəniş etməyən tələbələri imtahana buraxmayacağını bildirir. Tələbə və valideynlər ödənişin hissə-hissə edəcəyini bildirsələr də, universitetlər razı olmur. Onlar ödənişin tam şəkildə ediıməsini tələb edir, əks halda tələbə imtahana buraxılmayacaq.
“Tələbəni təhsil haqqının qalıq hissəsini ödəyə bilmədiyi üçün imtahana buraxmamaq nə deməkdir?”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, təhsil haqqını ödəyə bilməyən tələbələr üçün güzəşt olmalıdır: “Tələbələri süründürmək, onları incitmək olmaz. İllik təhsil haqqını hazırda ödəyə bilmirsə, humanist yanaşmaq lazımdır. Tələbəni təhsil haqqının qalıq hissəsini ödəyə bilmədiyi üçün imtahana buraxmamaq nə deməkdir? Bu hansı insanlığa sığır? Biz təhsil veririk, gəncin təhsildən qaçmasına şərait yaratmamalıyıq”.
Ekspert onu da əlavə etdi ki, ölkə hələ də pandemiya dövründədir və ailələrin gəlirləri əvvəlki kimi deyil. Ali təhsil müəssisələri məlum məsələ ilə bağlı güzəştə getməlidir.
Günel CƏLİLOVA