Son illər respublikamızın hər yerində genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir. Boş sahələrdə, park və yol kənarlarında əkilən ağacların bir qismi yerli olsa da, xeyli qismi müxtəlif xarici ölkələrdən gətirilir. Bu gün paytaxtda və bölgələrdə ağac tinglərinin, bitkilərin, eləcə də bu qəbildən olan digər məhsulların satışı mövcuddur. Bunun üçün xüsusi yerlər ayrılıb və orada yerli, eləcə də xaricdən gətirilən yaşıllaşdırma bitkiləri satılır.
Məlumatlara görə, son zamanlar kütləvi olaraq meyvə ağacları və dekorativ bitkilərin ölkəmizə gətirilməsi daha çox müşahidə edilir. Ekspertlər bildirir ki, xaricdən gətirilən meyvə ağacları və dekorativ bitkilərin heç də hamısı ekspertizadan keçirilmir. Bu da, sözsüz ki, bitki aləminə ciddi zərər verir. Ekspertlər onu da qeyd edirlər ki, son illər ölkəmizdə meyvə ağacları və dekorativ bitkilər arasında zərərvericilər çoxalıb.
Elə bu səbəbdən də Bakıda bir müddət əvvəl, xüsusilə şam ağacları arasında xəstəlik yayıldı. Nəticədə şam ağaclarında quruma müşahidə edilir. Bunun səbəbi isə ölkəyə gətirilən dekorativ bitki və ağacların havaya buraxdığı zərərli maddələrdir.
“Son zamanlar meyvə ağacları, bitkilər arasında zərərvericilər çoxalıb, bu da, təbii ki, yerli şəraitə uyğun olmayan bitkilərin ekspertizadan keçirilmədən ölkəmizə gətirilməsi ilə bağlıdır”
Ekoloq Flora Hacıyeva bildirdi ki, ağac canlı olduğundan, onda olan xəstəlik digər ağaclara da keçə bilir: “Son vaxtlar respublikamızın hər bir yerində həyata keçirilən yaşıllaşdırma işləri təqdirəlayiqdir. Ərazilərdə yerli ağaclarla yanaşı, xarici ölkələrdən gətirilən ağaclar da, bəzək kolları da, dibçəklər də, digər bitkilər də əkilir. Düzdür, onlar ilk baxışdan gözəllikləri ilə göz oxşayır. Lakin çox zaman o bitkilərin xəstə olduqlarını bilmirik. Bitkilər, ağaclar canlı olduqları üçün onlar gerçək xəstəlik daşıyıcıları ola bilirlər. Bir ağac xəstədirsə, onda zərərvericilər çoxdursa, bu, digər ağaclara da keçir. Deyirlər ki, axır zamanlar meyvə ağacları, bitkilər arasında zərərvericilər çoxalıb. Bu da, təbii ki, yerli şəraitə uyğun olmayan bitkilərin ekspertizadan keçirilmədən ölkəmizə gətirilməsi ilə bağlıdır. İnanmıram ki, dövlət qurumları belə bir iş etsinlər. Çox ehtimal ki, xəstəliklər və zərərvericilər bəzi özəl şirkətlərin gətirdiyi ağaclarda, kol bitkilərində müşahidə edilir. Ancaq bütövlükdə, xaricdən ölkəyə gətirilən hər bir ağac, dekorativ bitki, dibçəklər, yaşıllaşdırma məhsulları ekspertizadan keçirilməlidir”.
Günel CƏLİLOVA