Astarada Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik, mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş astaralı hərbiçilərin orden və medallarını onların valideynlərinə və doğmalarına təqdim olunma mərasimi keçirildi.
Təqdimat mərasimində öncə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək dedi: - Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qəhrəman zabit və əsgərləri fədakarlığı göstərərək 44 gün ərzində Vətən torpaqlarını işğaldan azad edərək zəfər tarixi yazdı. Bu haqq savaşında rayonumuzun qanları ilə tarix yazan qəhrəman oğullarının da misilsiz əməyi vardır. 8 noyabr Zəfər Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Hərbi Qulluqçularının orden və medallarla təltif edilməsi haqqında Sərəncam imzalayıb. Vətənin yüksək mükafatlarına layiq olunanlar arasında astaralı qəhrəman oğullarının da olması bizdə böyük fəxarət hissi oyadır. Prezidentin Sərəncamına əsasən şəhid kapitan Kamran Qılman oğlu Fərəcov, əsgər Elnur Qədir oğlu Əbdülov 3-cü dərəcəli “Rəşadət” ordeni, kapitan Şahnur Şahin oğlu Hüseynov, gizir Nadir Ağadadaş oğlu Xəlilov, əsgər Sadiq Şahin oğlu Bağırzadə “Azərbaycan Bayrağı” ordeni, kiçik çavuş Məhəmməd Cavanşir oğlu Babazadə “İgidliyə görə” medalı alanların sirasında idilər. İcra başçısı müharibədə hünər göstərib ad qoyan şəhidlərin təltiflərini onların valideynlərinə və doğmalarına təqdim etməklə Vətən üçün vətənpərvər, ləyaqətli övladlar tərbiyə etdikləri üçün onlara minnətdarlığını bildirdi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü