Paytaxt Bakıda inşa edilmiş yeni çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində mənzillər dövlət qeydiyyatına götürülməyib. Bu səbəbdən də vətəndaşlar böyük vəsait hesabına aldıqları evin mülkiyyət hüququnu əldə edə bilmirlər.
Yeni tikililərdən mənzil alan vətəndaşların çıxarış ala bilməməsinin səbəbi mənzil-tikinti kooperativlərinin (MTK) lazım olan sənədlərin qaydasında olmaması ilə bağlıdır. Təbii ki, bu vəziyyətdən əziyyət çəkən həmin binalardan mənzil alan vətəndaşlardır.
“Hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır, sənədlər tam olmadıqda…”
Iqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, yeni tikilinin dövlət qeydiyyatına alınmamasının səbəbi tələb olunan çeşidli sənədlərlə bağlıdır: “Əsas problemlərdən biri ilkin qeydiyyat sənədlərinin, tikinti üçün alınan icazə və sərəncamların qaydasında olmaması, tikintinin aparıldığı torpaq sahəsinin sənədlərindəki problemlərdir. Məsələn, icarə, istifadə hüququ ilə götürülmüş torpaq sahəsində tikinti aparılıb. Yaxud tikinti şirkəti 12 mərtəbəli binanın tikintisi üçün sərəncam alıb, ancaq tikdiyi bina 16-18 mərtəbədir. Yaxud 1 bloklu bina 2 blokluya çevrilib. Tikintiyə icazə alınıb, ancaq inşaat pasportu yoxdur. 130-a yaxın sənəd tələb olunur. 2-3-ü olmadıqda problemlər yaranır. Vətəndaş müqavilə imzalayanda MTK-nın təsis sənədlərinə, torpaq sahəsinə dair sərəncam və digər sənədlərə diqqət etməlidir. MMC-dirsə, tikilən binanın, ən azından, torpaq sahəsinin ilkin çıxarışı mövcud olmalıdır. Təsdiqlənmiş eskiz və işçi layihələr olmalıdır. Müvafiq qurumların tikinti ilə bağlı razılaşdırılmış rəyi olmalıdır. İnşaat pasportu, tikintiyə icazəsi olmalıdır”.
Ekspertin sözlərinə görə, hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Bu sənədlər tam olmadıqda belə problemlər yaranır. Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olması vacibdir. Ev almaq istəyən vətəndaş çıxarış almaqla bağlı gələcəkdə problem yaşamaq istəmirsə, MTK-nın sənədləri ilə maraqlansın.
Günel CƏLİLOVA