İkinci Qarabağ müharibəsində haqq savaşımızda ömrünü Vətənə verib vətənləşən bir igidimiz də Rəşid Güləhməd oğlu Lətifovdur. O, 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində dünyaya göz açmışdı. Müharibə başlayan kimi, Rəşid düşmənlə döyüşə girir. Olduğu hər döyüşdə yağıya qan qusdurur. Füzuli rayonunun işğaldan azad olmasında böyük şücaət göstərir. Vətən oğlu Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır, şərəfli ölümü ilə milyonların ürəyində özünə yer edir. Dövlət başçının sərəncamına əsasən igid çavuş Rəşid Lətifov döyüş əməliyyatlarında yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilir.
Masallı camaatı el-obaya adı şərəf olan öz şəhid oğlunu ürəyində yaşatmaqla həmişə onun xatirəsini əziz tutur. Bu günlər doğma kəndidə şəhidin anım mərasimi keçirildi. Anım mərasiminə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, eləcə də müharibə veteranları qatılmışdı.
İcra başçısı Şahin Məmmədov mərasimdə nitqi söylədi: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuz 44 günlük Vətən müharibəsindən tarixi zəfər qazandı. Bəli, gəncləri döyüşə göndərəndə deyirdim ki, gedin işğal altında olan torpaqların, şəhidlərin qisasını alın. Sizi ölməyə yox, öldürməyə göndəririk, sağ-salamat geri qayıdın. Vətən uğrunda canından keçib, torpaqları azad edən igidlərin adı indi dillərdə dastana dönüb. Masallıdan İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda 62 şəhidimiz oldu. Bütün Azərbaycan xalqı kimi, mən şəhid ailələrinə, bütün müharibə iştirakçılara təşəkkür edirəm, şəhid analarının alnından öpürəm. Bu, onların böyüklüyüdür, belə də olmalıdır. Uca Tanrı Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun. Bu gün Rəşidin ruhu bizimlədir. Belə igid, mərd gənclərlə hər zaman qurur duyacağıq. Rəşid və adını çəkmədiyim cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində Vətən torpaqları Ermənistanın işğaldan azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Həmişə onlara borcluyuq».
Şəhid çavuş Rəşidin atası Gülməmməd kişi dedi: - Hər dəfə şəhid balama olan sevgini görəndə ürəyim dağa dönür. Fəxr edirəm ki, oğlum qəhrəmanlıq göstərib Vətən yolunda şəhid olmaqla mənə xalqım qarşısında başı ucalıq gətirib. Dövlət tərəfində bütün şəhid ailələrinə olan diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığımı bildirirəm.
Digər çıxışlarda isə, şəhid çavuş Rəşid Lətifovun Vətəninə, xalqına sonsuz sevgisi, barədə xoş xatirələr dilə gətirildi, onun zaman-zaman ürəklərdə yaşayacağı deyildi.
Mərasım gün boyu davam etdi. Ziyarətçilər kənd qəbiristanında şəhid gizirin məzarı başında xatirəsini ehtiramla anıb, üstünə təzə güllər qoydular.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü