Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Yaşayış binaları. Layihələndirmə normaları”ndakı dəyişikliyinə əsasən, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən əksər obyektlərin yerləşdirilməsi qadağandır.
Həmin obyektlərə istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları, partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar, sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları, ixtisaslaşmış balıq mağazaları, müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları, saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar daxildir. Bu yenilik isə icarədarlar tərəfindən heç də birmənalı qarşılanmır. Icarədarlar bu qərara narazı olsalar da, bina sakinlərin saat 23:00-dan zirzəmilərdə obyektlərin fəaliyyətinin qadağan olunmasını müsbət qarşılayır.
“Yaşayış binalarının zirzəmisindəki obyektlərin 23:00-dan sonra işləməsinə icazə verilməməsi icarədarı və icarəçini ziyana sala bilər”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, nəzərdə tutulan yeniliyin mənfi təsirləri daha çox gözlənləndir: “Yaşayış binalarının zirzəmisindəki obyektlərin 23:00-dan sonra işləməsinə icazə verilməməsi icarədarı və icarəçini ziyana sala bilər. Çünki yeni tikilən binaların altında əsasən market, kafe və digər iaşə obyektləri yerləşir. Zirzəmilərdə obyektlərin fəaliyyəti məhdudlaşdırılırsa, bu halda həmin obyektlərin yerləşməsi üçün başqa tikili verilməlidir. Əgər obyektlərin fəaliyyətinə icazə verilməsə, pilot layihələr üzrə tikintini aparan şirkət artıq həmin obyektləri sata bilməyəcək və nəticədə sözügedən layihələrə maraq getdikcə itəcək”.
Ekspert hesab edir ki, yaşayış binalarının zirzəmilərində obyektlərin fəaliyyətinə qoyulan bir sıra məhdudiyyətlərin əmlak bazarına ciddi təsiri olacaq.
Günel CƏLİLOVA