Dünya şöhrətli görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi ilə bağlı respublikamızın hər yerində olduğu kimi, dağlar diyarı Lerik rayonun mədəniyyət ocaqlarında, təhsil müəssisələrdə tədbirlər davam edir.
Rayonun E.Qurbanov adına Lərmərud kənd məktəbində keçirilən tədbir də məhz bununla bağli idi. Məktəbin direktoru Şahvəli Əliyev tədbiri açaraq dedi: - Lütfi Zadə öz fundamental nəzəriyyələri sayəsindən elm tarixində silinməz iz qoyan görkəmli alimdir. Onun yaratdığı qeyri-səlis nəzəriyyənin müasir idarəetmə və informasiya- kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında olduqca mühüm əhəmiyyətə malikdir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafının əsasında durur.
Məktəbin informatika müəllimi Aysel Əmənova Lütfi Zadənin həyatı və elmi fəaliyyətindən danışanda bildirdi ki, bu gün dünya elminə alimin 6 mühüm nəzəriyyəsi məlumdur. Ona ən çox şöhrət qazandıran, müasir elmdə inqilab hesab olunan isə qeyri-səlis nəzəriyyəsidir. 1989-cu ildə qeyri-səlis nəzəriyyəsinin dünya sənayesindəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək - “Honda” və nüfuzlu beynəlxalq mükafatlarla təltif olunub. Bir sözlə, nəzəriyyələri, ideyaları, elmə verdiyi misilsiz töhfələri alimə əbədiyaşarlıq qazandırıb.
Tədbir görkəmli alim Lütfi Zadənin həyat və elmi fəaliyyətindən bəhs edən video-rolikin nümayışı ilə tamamlandı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü