Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda baş verənlər həmişə cəmiyyətin diqqətində olub. Bir neçə ay əvvəl adı maliyyə, pulsilmə qalmaqallarında hallandırılan Fizika İnstitutu yeni qalmaqalla gündəmə gəlib. Belə ki, Fizika İnstitutunda alimlərə Yeni il münasibətilə ərzaq yardımının edilməsi, onlara ərzaq bağlamaları verilməsi böyük hay-küy yaradıb. Bu məsələ sosial mediada, sosial şəbəkələrdə geniş müzakirə olunur.
Sosial şəbəkə istifadəçiləri İnstitutun Həmkarlar İttifaqı tərəfindən paylanan ərzaq bağlamalarının verilməsini alimlərə hörmətsizlik kimi qiymətləndiriblər.
Sosial şəbəkə paylaşımlarında qeyd olunub ki, bu, alimlərin sosial vəziyyətinin aşağı olmasının göstəricisidir və utancverici davranışdır.
Qeyd edək ki, bu günlərdə AMEA-nın mətbuat xidməti Fizika İnstitutunun əməkdaşlarına Həmkarlar İttifaqı Komitəsi tərəfindən yardım paylanması ilə bağlı məlumat yaymışdı.
Alimlərə niyə ərzaq bağlaması verilməlidir, verilibsə, bu niyə ictimailəşdirilməlidir? Bu, Akademiyada Fizika İnstitutunun timsalında yeni pulsilmə kampaniyası ola bilərmi?
Ekspertlərin fikrincə, AMEA-nın öz əməkdaşlarına yardım etməsində problem yoxdur, amma onun ictimailəşdirilməsi, alimlərə ərzaq bağlamaları verilməsinin bu şəkildə cəmiyyətə təqim edilməsi normal deyil. Ekspertlər deyir ki, AMEA öz işçilərinə yardım edə bilər, amma onların aztəminatlı təbəqə kimi təqdim edilməsi təqdirəlayiq hal deyil. Bəzi ekspertlər deyir ki, adı maliyyə pozuntularında hallandırılan və buna görə də direktoru dəyişdirilən Fizika İnstitutunda alimlərə yardım edilməsinin bu şəkildə ictimailəşməsi, şişirdilməsi növbəti pulsilmə əməliyyatı kimi də xarakterizə edilə bilər, yəni kimsə bunun bu cür olduğunu düşünər…
“Problem ondadır ki, bunun təqdimatı, o şəkildə yayılması…”
Professor Qulu Məhərrəmli bununla bağlı bizimlə söhbətində bildirdi ki, bu ərzaqpaylama məsələsində hansısa pis niyyət gizləndiyinə inanmır. “Mən şübhə etmirəm ki, bunu xeyirxah məqsədlə ediblər. Yeni il qabağı alimlərə yarım edirlər və sair. Amma problem ondadır ki, bunun təqdimatı, o şəkildə yayılması yaxşı hal deyil. Kimlərəsə ərzaq paylanıbsa bu barədə ictimaiyyətə məlumat vermək lazım deyildi. Buna nə ehtiyac vardı, bunun nə sosial, nə ictimai əhəmiyyəti var? İdarələrdə yerli həmkarlar təşkilatları belə şeylərlə məşğul olur. Yəni bunu bu şəkildə qabardıb alimləri ərzağa möhtac kimi göstərməkdə bir az da sosial şəbəkənin, medianın rolu var. Əlbəttə ki, əsas məsələ informasiyanın çıxdığı qaynaqdır. Fizika İnstitutu bunu bu şəkildə verir, Akademiya bu məlumatı yayır və sair. Belə şeylər olmaz. Media da buna bir az həssas yanaşmalıdır”.
Bəzilərinin bunu pulsilmə kimi qiymətləndirməsinə gəlincə, Q.Məhərrəmli hesab edir ki, bu, məsələnin başqa tərəfidir. “Bəlkə də heç elə məqsəd yoxdur. Amma Fizika İnstitutunun adı bir az bədnam olduğuna görə ağıla yüz fikir gəlir ki, burada pulsilmək və sair ola bilər. Yenə də deyirəm ki, hər şey ilkin mənbədən və onun təqdimatından aslıdır. Mediada ümumiyyətlə belə xəbərlər getməyib, mən görməmişəm ki, belə yardımlar haqda yazılsın…”
Məsələ ilə bağlı AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektorunun müdiri Leyli Namiqqızının bildirdiyinə görə isə, sözügedən maddi yardım alimlərə deyil, texniki işçilərə edilib.
AMEA rəsmisi həmçinin qeyd edib ki, bu yardımın Akademiyaya aidiyyəti yoxdur, ərzağı Həmkarlar İttifaqı paylayıb.
İradə SARIYEVA