“Toylarda pandemiya tələblərinə nəzarət etmək daha asandır, yas mərasimlərində isə bunu etmək nisbətən çətindir, yas mərasimlərində təmasların daha yaxın olması da virusun daha sürətli yayılması üçün şərait yaradır”.
Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində deyib. Onun sözlərinə görə, növbəti mərhələlərdə yas mərasimlərinə icazə verilməsinə də baxıla bilər.
Qeyd edək ki, virusa yoluxma halları daha çox yas yerlərində qeydə alınıb. Bu faktı həm həkimlər, həm də virusa yoluxanların özləri təsdiqləyib. Bu səbəbdən də ekspertlər hesab edir ki, yas məclislərinin keçirilməsinə icazə verilməsi hələ tezdir.
“Koronavirus pandemiyası ilə bağlı yas mərasimlərinin geniş şəkildə keçirilməsi qadağan olunub, bunu müsbət addım kimi qiymətləndirmək olar”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, Azərbaycanda yas məclislərinin təmtəraqlı şəkildə keçirilməsi ənənəsi xalqımızın sosial bəlasıdır və ondan tezliklə xilas olmaq lazımdır: “Koronavirus pandemiyası ilə bağlı yas mərasimlərinin geniş şəkildə keçirilməsi qadağan olunub. Düşünürəm ki, bunu müsbət addım kimi qiymətləndirmək olar. Ümumiyyətlə yas və toy mərasimlərinin həddən artıq təmtəraqlı və geniş şəkildə keçirilməsi sosial bəladır, xalqımız üçün bir utancdır. Çünki xeyli israfçılığa yol verilirdi və buna da ehtiyac yox idi. İslam dinində buyurulur ki, vəfat edən şəxsin qarşısında əsas borcumuz onun cənazə namazını qılıb qayda-qanuna uyğun olaraq dəfn etməkdir. Odur ki, böyük mərasimlərin təşkil olunmasına ehtiyac yoxdur”.
Ekspert hesab edir ki, koronavirus zamanı yas mərasimlərinin keçirilməsi ilə bağlı tətbiq olunmuş qadağa davam etməlidir. Yas mərasimləri birmənalı şəkildə dayandırılmalıdır: “Ümumiyyətlə, dini baxımdan da kütləvi, xeyli insanın iştirakı ilə günlərlə davam edən yas mərasimlərinin təşkili doğru deyil. Bu məclislərin təmtəraqsız, israf olmadan keçirilməsinə çalışmalıyıq.
O da məlumdur ki, mərasimdə insanlar kütləvi şəkildə bir yerə toplaşırlar. Ancaq biz karantin rejimindən çıxmamışıq. Hər şey son vəziyyətdən asılı olacaq. Təəssüf ki, hələ də virusa yoluxanlar var. Belə olan halda, təbii ki, yas mərasimlərinin keçirilməsinə icazə verilməsi düzgün olmazdı”.
Günel CƏLİLOVA