Məlumdur ki, gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara marşruta çıxmağa icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir.
Qeyd edək ki, hazırda dünya ölkələri sıxılmış təbii qaz və elektrik enerjisi ilə işləyən avtobuslardan istifadə edir. Qonşu Rusiyanın paytaxtına artıq 1 ildən çoxdur ki, elektrik enerjisi ilə çalışan avtobuslar gətirilib.
Azərbaycanda isə sərnişindaşımada istifadə edilən avtobusların elektrik və sıxılmış qazla işləməsi tələbi narazılığa səbəb olub.
Ekspertlər hesab edir ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var.
“Bu qərar 3 il əvvəl verilibsə, paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?”
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirdi ki, avtobusların yanacaqla təminatı üçün hazırda paytaxtda lazımi infrastruktur mövcud deyil: “Bu qərarın icrası həyata keçirilsə, Baku-Bus avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab verməyəcəyi görünür. Bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır. Yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burda da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız avro-6 standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq. Bu qərar 3 il əvvəl verilibsə, paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?”.
Günel CƏLİLOVA