Bütün dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə bu gün də geniş tədbirlər həyata keçirilir.
Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində lazım olan bütün zəruri işlər görülür.
Hər kəsə yaxşı məlumdur ki, koronavirusla mübarizədə həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördüyü işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək, sutka ərzində, demək olar ki, fasiləsiz çalışırlar.
Koronavirus infeksiyası ilə mübarizə aparan həkimlərin əməyinin qiymətləndirilməsi məqsədilə, ölkə başçısının tapşırığına əsasən, həkimlərimizə yüksək əməkhaqqı və əlavələr təyin olunub. Ancaq bu günlərdə koronavirusla mübarizə aparan həkimlər sosial şəbəkədə paylaşım edərək əmək haqlarını bir neçə aydır ala bilmədiklərini qeyd edirlər.
Söhbət Kliniki Tibbi Mərkəzdən (Semaşko) gedir. Adıçəkilən xəstəxananın koronaviruslu xəstələrlə işləyən tibb işçiləri, oktyabr da daxil olmaqla, son ayların koronavirusa görə ödənilən əlavələrini ala bilmədiklərini bildirirlər. Həkimlərin dediyinə görə, əlavə və bonuslar vaxtlı-vaxtında ödənilmir. Şikayət etdikdə isə həkimlərin özləri günahkar çıxarılır: “Halbuki, mərkəzin rəhbəri çox çalışan tibb işçilərinə külli miqdarda maaş ödənilməsinə dair açıqlama verir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 26 noyabr 2021-ci il tarixli, 369 nömrəli qərarına əsasən koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarının müddətli əlavələrinin ödənilməsi 2022-ci il yanvarın 1-dək uzadılıb.
“Tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələrin ödənilməsi 3 gün ərzində həyata keçirilir”
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, oktyabr ayı üçün əlavələrin ödənilməsinə başlanılıb: “Prezidentin sərəncamına və Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu ilin yanvar-sentyabr ayları ərzində koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən Kliniki Tibbi Mərkəzin tibb işçilərinə 5 milyon 880 min manata yaxın müddətli əlavə ödənilib. Mərkəz tərəfindən göndərilən siyahıya uyğun olaraq agentlik oktyabr ayı üzrə müddətli əlavənin ödənilməsini davam etdirir. Tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələrin ödənilməsi 3 gün ərzində həyata keçirilir”.
Günel CƏLİLOVA