Respublikanın bölgələrində fəaliyyət göstərən tibb ocaqlarının əksəriyyəti kadr çatışmazlığından əziyyət çəkir. Baxmayaraq ki, bölgələrdə yeni xəstəxanalar tikilərək müasir tibbi avadanlıqlarla təmin edilib, amma həkim çatışmazlığı ciddi problem kimi qalmaqda davam edir.
Belə bir mənzərə Sabirabadın Narlıq kəndində yaşanır. Məlumat üçün bildirək ki, Sabirabad rayonu Narlıq kəndinin 2500-ə yaxın əhalisi var. Narlıq kəndi rayon mərkəzindən 16 km məsafədə yerləşir.
Kənd sakinləri ərazidə tibb məntəqəsinin, həkimin olmamasından narazılıq edir. Onların dediyinə görə, xəstəni rayon xəstəxanasına aparmaq üçün taksilər artıq pul tələb edir: “Kənd ərazisində bir dənə də olsun tibb məntəqəsi yoxdur ki, sağlıqla bağlı nəsə olanda ora müraciət edək. Çarəsizlikdən rayon mərkəzinə gedirik. Pulumuz da taksilərə gedir”.
Sabirabad Rayon Mərkəzi Xəstəxanası: “Həkim çatışmazlığı səbəbindən Narlıq kəndində tibb məntəqəsi fəaliyyət göstərmir”
Sabirabad Rayon Mərkəzi Xəstəxanasından isə bildirildi ki, həkim çatışmazlığı səbəbindən Narlıq kəndində tibb məntəqəsi fəaliyyət göstərmir. Yalnız müraciət olunduqda təcili tibbi yardım briqadaları kəndə gedir.
Pərvanə Mustafayeva: “Azərbaycanın bütün rayonlarında, hətta böyük qəsəbə və kəndlərində həkim çatışmazlığı var”
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, Azərbaycanın bütün rayonlarında, hətta böyük qəsəbə və kəndlərində həkim çatışmazlığı var. Bir çox kəndlərdə isə heç tibb məntəqəsi yoxdur. İnsanlar ən yüngül problemi də həll etmək üçün ya rayon mərkəzinə, ya da Bakıya getməli olurlar. Xəstəxanalarda isə, ümumiyyətlə, yüzlərlə həkim çatışmazlığl var: “Ölkənin hər rayonunda minimal olaraq 60-70-dən başlayaraq həkim kollektivinə ehtiyac yaranıb. Yaxşı olar ki, bu məsələ ilə bağlı ya dövlət proqramı olsun, ya da başqa yerlərdən Azərbaycana həkimlərin cəlb olunmasına çalışılmalıdır”.
Günel CƏLİLOVA