“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən qumar oynamağa görə cərimələr artırılır. Bu məsələ “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.
Layihəyə əsasən, artıq qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.
Qeyd edək ki, qumar oyunlarının təşkilinə və ya keçirilməsi ilə bağlı cəzalar və cərimələr Cinayət Məcəlləsində əksini tapacaq. Bununla bağlı Cinayət Məcəlləsində 244-1-ci maddənin (Qumarxana təşkil etmə və ya saxlama) adı dəyişdirilərək “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılır və bu maddə yeni redaksiyada verilir. Başqa sözlə, qumar oyunlarının təşkili və keçirilməsi inzibati xəta kimi qiymətləndirilməyəcək, cinayət məsuliyyəti yaradacaq.
Xatırladaq ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci il yanvarın 27-də Sərəncam imzalayıb.
“Cəzaların sərtləşməsi qumarxana açanları, qumar oyunları təşkil edənləri çəkinməyə vadar edəcək”
Qumar oyunlarına görə cərimələrin artırılması ekspertlər tərəfindən də müsbət qarşılanır. Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, adına nə deyilsə də, idman mərc oyunları birbaşa qumardır. Cinayət Məcəlləsinə edilən dəyişiklik mərc oyunlarını da əhatə etməlidir: “Qumar nədir? Pul qoyursan, uda da bilərsən, uduza da. Uduzanlarsa udanlardan həmişə qat-qat çox olur. Qumarxana saxlayanlar, qumar oyunları təşkil edənlər Cinayət Məcəlləsində yüngül cəzalar nəzərdə tutulmasından sui-istifadə edirdilər. Yüngül cərimələrlə canlarını qurtarırdılar, az sonra yenidən əvvəlki fəaliyyətlərini bərpa edirdilər. Görünür, bunları nəzərə alaraq Cinayət Məcəlləsinə dəyişiklik edilməsi və bu cür əməllərə görə daha sərt cəzaların tətbiqi zərurəti yaranıb. Hər halda, cəzaların sərtləşməsi qumarxana açanları, qumar oyunları təşkil edənləri çəkinməyə vadar edəcək”.
Günel CƏLİLOVA