Sumqayıt şəhər 6 saylı tam orta məktəb - İradə Məmmədova: “Müəllimlərin narazılığı onların mənimlə şəxsi qərəz aparması ilə bağlıdır”
Son zamanlar məktəblərdə pul yığılması problemilə bağlı müzakirələr yenidən artıb. Məktəb rəhbərliklərinin müəllim heyəti və şagirdlərdən müxtəif məqsədlər üçün pul topladığı bildirilir.
Belə bir halın Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 6 saylı tam orta məktəbdə də yaşandığı iddia edilir. Qeyd olunur ki, adıçəkilən məktəbin direktoru mütəmadi olaraq müəllim və şagirdlərdən pul yığır.
Orta təhsil ocağının müəllimlərindən biri Lalə Allahverdi sosial şəbəkədə bildirir ki, İradə Məmmədova direktoru olduğu məktəbdə hər gün müxtəlif səbəblərlə onlardan pul tələb edir: “Pulların yığılması isə müəllim və valideyn komitələrinə həvalə edilib. Direktor açıq şəkildə bildirdi ki, məktəbin hasarı üçün pul toplanmalıdır. Məktəbin hasarı üçün pul toplanılması ilə bağlı müəllimlər narazılıq etdi. Biz bu barədə İradə xanıma narazılığımızı bildirdik ki, valideynlərdən hansı formada “hasar” üçün pul istəyək. O isə cavabında dedi ki, “mənə dəxli yoxdur, necə edirsiz-edin, ancaq o pulu toplayın”. Valideynlər də mütəmadi olaraq pul yığılmasından beziblər”.
Məsələ ilə bağlı Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 6 saylı tam orta məktəbin direktoru İradə Məmmədova bildirdi ki, onun haqqında səsləndirilənlər hər bir fikir böhtandır: “Müəllimlərin narazılığı isə onların mənimlə şəxsi qərəz aparması ilə bağlıdır. Hazırda Təhsil Şöbəsi tərəfindən məlum məsələ ilə bağlı araşdırma aparılır”.
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, təhsil müəssisələrində pul yığılma halı baş verməli deyil. Ola bilər ki, məktəb müəyyən işlərin görülməsi ilə bağlı, məktəbin hansısa bir işi üçün, məsələn təmir üçün könüllü formada imkanı çatan valideynlərdən nəyisə xahiş edir. Bu zaman yığılan məbləğ hesabat xarakterli olmalı və təqdim edilməlidir. Əks halda hər hansı ödənişin yığılması yolverilməzdir.
Günel CƏLİLOVA