Zəngin təbii sərvətləri olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında da məktəb tikintisi əsas yerlərdən birini tutur. Proqramda nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir.
Bu istiqamətdə işlər görülməsinə baxmayaraq, hələ də bölgələrdə təmirsiz məktəblər mövcuddur. Belə vəziyyət Tərtər rayonunun Azadqaraqoyunlu kənd orta məktəbində də yaşanır.
1979-cu ildə tikilib istifadəyə verilən məktəb illərdir qəzalı vəziyyətdədir. Böyük təhlükənin astanasında olan bu məktəbin hər tərəfi uçub, dağılıb. Məktəblilər qapısı, pəncərəsi olmayan soyuq sinif otaqlarında dərs keçir.
40 ildən çoxdur tikilib istifadəyə verilən kənd məktəbi bu günə qədər bir dəfə də olsun təmir edilməyib. Vaxtilə xeyli şagirdin təhsil aldığı məktəbdə indi cəmi 294 şagird oxuyur. Məktəbin illərdir çətinliklə də olsa fəaliyyət göstərməsinə baxmayaraq, artıq burda təhsil almaq müşkülə çevrilib. İstilik sisteminin olmaması bu əziyyəti birə-beş artırır. Qarlı-şaxtalı havada uşaqların sağlamlığı da ciddi təhlükə altına düşür.
Valideynlər məlum vəziyyətlə bağlı övladlarını məktəbə, dərsə göndərməyə ehtiyat edir.
“Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti dövlət orqanlarına məlumat verilib”
Məsələ ilə bağlı Tərtər rayon Təhsil şöbəsindən bildirildi ki, məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti dövlət orqanlarına məlumat verilib: “Yeni məktəb binasının tikintisi nəzərdə tutulub. Növbəti il İkinci Qarabağ müharibəsi dövründə dağılan şəhər 5 nömrəli məktəb tikiləcək. Bu məktəbin tikintisindən sonra Azadqaraqoyunlu kənd orta məktəbinin tikintisi planlaşdırılır”.
Günel CƏLİLOVA