Əli Bayramov: “Sığorta şirkətlərimiz mövcud təkrarsığortaçılar vasitəsilə bu təminatı əldə edib müvafiq qaydada öz müştərilərinə təklif edə bilərlər”
Koronavirus pandemiyası ilə əlaqədar olaraq son zamanlar bir sıra ölkələr viza məsələlərini sərtləşdirib. Belə ki, artıq viza müraciətləri zamanı təqdim edilən səyahət sığortalarında COVID-19 təminatı ilə bağlı maddənin mövcud olması, təminat məbləğinin maksimum həddə olması tələb olunur.
Azərbaycan ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinin təqdim etdiyi sığorta sənədində bu barədə müdəaların olmaması və COVID-19-la bağlı təminatın 1000-1500 manat civarında olması Azərbaycandan həmin ölkələrə uçmaq istəyənlərə müəyyən problem yaradır. Bir çox hallarda isə vətəndaşlarımız bu problemi həll etmək üçün xarici sığorta şirkətlərinin xidmətlərindən istifadə etməyə məcbur olur.
Bir çox yerli sığorta şirkətləri səyahət sığortası paketindən COVID-19 risqi ilə bağlı təminat bəndini çıxarıb. Bu o deməkdir ki, səfər çərçivəsində koronavirusa yoluxan turistlərin müalicə haqları ödənilməyəcək. Ancaq qeyd etdiyimiz kimi, xarici ölkələrdə tibbi və səyahət turizminə qarşı qaydalar daha da sərtləşib.
Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, “omicron” ştammı fonunda bəzi Avropa ölkələri viza tələbini daha da sərtləşdirib. Artıq sığorta paketlərinin COVID-19 təminatlı olması ilə bağlı tələblər qoyulub. Bu səbəbdən həmin ölkələrə səfər edən turistlər ya problemlə üzləşirlər, ya da əlavə vəsait ödəyərək xarici şirkətlərə pul köçürüb sığorta olunmağa məcbur qalırlar.
Sığorta məsələləri üzrə ekspert Əli Bayramov qeyd etdi ki, bütün Avropa ölkələri olmasa da, dövlətlərin böyük əksəriyyəti, hətta qonşu Gürcüstan belə COVID-19 təminatı olmadan xarici vətəndaşları öz ərazilərinə buraxmır: “Bundan əlavə. tələblər arasında limitlərlə də bağlı şərtlər var. Belə ki, bir sıra ölkələr bu xəstəlik üzrə təminatın maksimal həddə olmasını istəyir. Bu da tam anlaşılandı. Çünki Azərbaycan vətəndaşı o ölkədə olduğu zaman koronavirusa yoluxa bilər və bu da müəyyən xərclər əmələ gətirər. Bəzi ölkələrdə bu xərclərin qarşılanması öz vətəndaşları üçün ödənişsiz olsa belə, xarici vətəndaşlar üçün pulsuz deyil. Nəticədə isə problem yaranır. Bu səbəbdən də ölkələr viza müraciəti zamanı belə bir tələb qoyublar. Bizim sığorta şirkətləri qərar qəbul etməkdə gecikir. Əslində burda ciddi problem yoxdur. Sığorta şirkətlərimiz mövcud təkrarsığortaçılar, yaxud digər mötəbər təkrarsığortaçılar vasitəsilə bu təminatı əldə edib müvafiq qaydada öz müştərilərinə təklif edə bilərlər. Koronavirusa yoluxma hallarının çox olması sığortaçılarımızın bu məsələdən çəkinməsinin səbəbidir. Sığorta şirkətlərimiz qorxursa, öz risqlərini təkrarsığorta şirkətləri ilə ilə bölüşə bilərlər. Nəticədə ölkə vətəndaşlarına lazım olan təminatı təqdim edə bilərlər. Bu sadəcə sığorta şirkətlərinin qeyri-peşəkarlığı və dünyada baş verənlərlə ayaqlaşmamasıdır”.
Günel CƏLİLOVA