Son vaxtlar depozitlə işləyən kafe və restoranların sayında artım müşahidə edilir. Belə ki, restorana daxil olan müştərilərdən müxtəlif məbləğlərdə pul tələb edilir. Müştərilər yemək yeməmişdən əvvəl onlardan pul-depozit tələb olunur. Yəni müştəri az, ya da çox sifariş etməsindən asılı olmayaraq əvvəlcədən müəyyən edilən məbləği ödəməlidir. Bu məbləğ isə restorandan asılı olaraq 50 manatla 300 manat arasında dəyişir. Belə hallar müştəriləri narazı salır. Məsələn, görürsən ki, müştəri 300 manatlıq hesab verir. Ancaq buna baxmayaraq, ondan əlavə depozit pulu da istənilir. Yaxud da qabaqcadan müştəriyə ödəniləcək məbləğ deyilir, amma menyuya baxanda məlum olur ki, qiymətlər hardasa iki dəfə şişirdilib. Bir sözlə, müştəri yemədiyinin, içmədiyinin pulunu verməyə məcbur edilir. Nəticədə bundan ancaq qazanan restoran və kafe sahibləri olur. Təbii, bütün bunlar qanun pozuntusudur. Ona görə ki, müştərilər əvvəlcədən nəyəsə məcbur edilə bilməz. Ancaq restoranlar buna məhəl qoymur. Kim necə bacarır müştərini soyur. Çox vaxt gələn müştərinin nə dərəcədə imkanlı olmasına baxırlar. Görəndə ki, imkanlıdır, o zaman həmin müştərini daha çox “xərcə” salırlar.
“Nə qədər ki, bu kimi məsələlər qanunla tənzimlənmir, belə özbaşınalıqlar davam edəcək”
özügedn məsələyə aydınlıq gətirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, bütün bunlar kütləvi şəkildə istehlakçı hüquqlarının pozulması deməkdir: “Ümumiyyətlə, kafe və restoranlara girəndə müştərilərə potensial oğru kimi baxırlar. Müştərilərin çantaları yoxlanılır və s. Sözügedən məsələ ilə əlaqədar müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq. Cavab belə olub ki, restoranlar sahibkarların özəl mülkiyətidir və buna müdaxilə etmək səlahiyətimiz yoxdur. AİB olaraq Nazirlər Kabinetinə təklif etmişik ki, əvvəlcədən depozit istəyən kafe və restoranlar üçün müvafiq qaydalar hazırlansın. Ona görə ki, müştərilər əvvəlcədən buna məcbur edilə bilməz. Çünki bu heç bir qanunda yazılmayıb. Düşünürəm ki, restoranlar haqqında qanun hazırlanmalı və bütün bunlar orda öz əksini tapmalıdır. Onu da qeyd edim ki, sözügedən problem tək bizim ölkədə deyil. Bütün dünyada bu bənzər problem var. İstehlakçı restoran sahibi tərəfindən soyulur. Müştəriyə menyuya baxmaq imkanı belə yaradılmır. Bütün bunlar, əlbəttə ki, qanun pozuntusudur. Dünyada belə əcaib şeylər var. Bir dəfə ABŞ-da oteldə əlimi bir içkiyə uzadıb baxdım. Oteldən çıxanda buna görə məndən 120 dollar alındı. Ona görə də hesab edirəm ki, çıxış yolu Nazirlər Kabinetinin market və restoranlarla bağlı qaydalar hazırlamasından keçir. Nə qədər ki, bu kimi məsələlər qanunla tənzimlənmir, belə özbaşınalıqlar davam edəcək”.
Bu baxımdan AİB sədri hesab edir ki, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülməlidir.
Vidadi ORDAHALLI