Son zamanlar narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslərin sayı artıb. Belə ki, ilin 9 ayı ərzində Baş Dövlət Yol Polis İdarəsinin yol patrul xidməti alayı 630-dan artıq narkotik vasitənin təsiri altında olan sürücü aşkarlayıb.
Qeyd edək ki, əvvəllər sərxoş sürücülər haqqında danışırdıqsa, indi söhbət narkotik maddə istifadə etdikdən sonra sükan arxasına əyləşən sürücülərdən gedir.
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları növbəti reyd həyata keçiriblər. Əməliyyat zamanı narkotik vasitələrin təsiri altında olan taksi sürücüsü aşkarlanıb. Belə ki, Hövsan qəsəbəsində yaşayan Emin Zeynalov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Sürücü ilkin sorğu zamanı avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizada E.Zeynalovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Sürücünün törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirdi ki, son zamanlar xarici ölkələrdən bizim gənclərin narkotik vasitələrə cəlb edilməsi halları artıb: “Bu, geniş rezonans doğurmuşdu. Polisin cəld hərəkətə keçməsi nəticəsində həmin şəxslər, gətirənlər, kuryerlər müəyyən edildi. Bu iş indi də davam etdirilir. Son zamanlar sürücülər arasında da bu kimi halların artması müşahidə edilir. DYP əməkdaşları sürücüləri saxlayıb, yoxlamalar aparır və bu kimi halları aşkar edirlər. Vətəndaşlar özləri də bu kimi halların qarşısının alınmasında təşəbbüs göstərməlidir. Narkotik vasitə istifadə edən sürücüləri aşkarlayaraq üzə çıxarmaq, polisə xəbər vermək lazımdır. Bu, çox vacib məsələdir. Narkotik qəbul edib yola çıxmaq, bütün hərəkət iştirakçılarını təhlükəyə atmaq deməkdir”.
Günel CƏLİLOVA