Masallıda narkomaniyaya və erkən nikahlarla bağlı maarifləndirmə tədbiri rayonun mədəniyyət müəssisələrində, təhsil ocaqlarında silsilə şəklində davam edir. Növbəti belə tədbir Yeyənkənd kənd tam orta məktəbində baş tutmuşdur. Tədbirin təşkilatçıları isə Masallı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi və Təhsil Şöbəsi idi, “Narkomaniyaya və erkən nikaha yox deyək!” adlanırdı. Vətən torpaqların azadlığı uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Masallı Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polisi baş leytenantı İxtiyar Talıbov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” nın əhəmiyyətindən danışıb dedi: - Narkomaniyanın cəmiyyətə vurduğu zərərlər insanlığı məhvə doğru aparır. Respublikamızda narkomaniya əleyhinə aparılan işlər hər zaman dövlətin diqqət mərkəzindədir, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyinin, eləcə yerli polis orqanlarının əməkdaşları tərəfindən bu istiqamətdə son vaxtlar daha ciddi əməliyyat-istintaq tədbirləri görməklə bərabər, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici tədbirlər aparılır. Əsrin bəlasına qarşı mübarizəni təmin etmək məqsədi ilə belə işlərin görülməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat, maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə, idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmalıdır.
Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlar üzrə baş inspektoru polis baş leytenantı, Samid Əliyev tədbir iştirakçıların nəzərinə narkotik vasitələrin səbəb olduğu fəsadların ağır nəticələrini çatdırmaqla, həm də bununla bağlı video çarxı şagirdlərə təqdim etdi. Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəxtim Qarayev və digərləri isə erkən nikaha daxilolma kimi neqativ hallardan danışdılar, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu dedilər.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.