Uca dağların qoynuna sığınan Lerik şəhər Mədəniyyət Mərkəzində keçirilən növbəti “Nizaminin söz işığında” adlı ədəbi musiqili tədbirin iştirakçılarda yaratdığı xoş ovqat uzun müddət unudulmaz. Çünki o Azərbaycanın mütəfəkkir şairi, şərqdən doğan söz günəşi, böyük sənətkar Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuşdu.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayon ziyalısı Hüseynbala Əliyev Nizaminin həyatı və zəngin yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər.
Sonra tədbirin bədii hissəsi başlandı. Çayrud uşaq musiqi məktəbinin müəllimi Fikrət Nuriyev, Lerik uşaq incəsənət məktəbinin müəllimi Səyyad Əhədov, Lerik uşaq incəsənət məktəbinin xor kollektivi, Lerik rayon Mədəniyyət Mərkəzinin metodisti İsmayıl Məmmədov dahi Nizami Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar və muğamlar böyük şövqlə ifa etdilər. Bədii qiraətçi Valid Məmmədov, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov Nizami Gəncəvinin qəzəllərdən ibarət kompozisiya da maraqla alındı. Şairin həyatı haqqında Lerik rayon Mədəniyyət Mərkəzinin dram dərnəyi üzvləri Pərviz Ağaxanlı, Bahar Mürsəliyeva və Ruslan Məmmədovun hazırladığı səhnəcik tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Tədbirdə Lerik uşaq incəsənət məktəbinin müəllimləri Teymur Rzayev və Araz Qafarov muğam ifaçılarını məharətlə müşayiət etdilər.
Bununla da “Nizami Gəncəvi ili” çərçivəsində keçirilən silsilə tədbirlərə yekun vuruldu.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.