Artıq 10 ildən çoxdur ki, Bakı və Abşeronda tikinti bumu yaşanır. Yəni şəhərdə daha çox yarımçıq tikililərə rast gəlinir, 3-5, bəzən isə 10 ilə başa gələn çoxmərtəbəli binalar yavaş-yavaş şəhərin görkəmini dəyişir. Lakin inkişaf etmiş dünya ölkələri ilə müqayisədə Azərbaycanda tikinti sürəti çox aşağıdır.
Dünyanın inkişaf etmiş ölkələrində tikinti artıq aylarla və həftələrlə davam edir, illə davam edən tikintiyə nadir hallarda təsadüf edilir. Tikinti sürəti ilk baxışdan o qədər də əhəmiyyətli amil kimi nəzərə çarpmır, yalnız yaşayış sahəsi gözləyən əhalinin arzusu kimi görünür. Ancaq bu belə deyil, tikinti sürətinin aşağı olması bir sıra məsələlərə mənfi təsir göstərir.
Qeyd etdiyimiz kimi, tikinti bumu paytaxt Bakı ilə yanaşı, Abşeronda da müşahidə olunur. Qeyd olunan ünvanda tikinti bunu tək boş ərazilərdə deyil, yaşayış binalarının qarşısında, ətrafında da yaşanır.
Belə ki, Abşeron rayonu, Xırdalan şəhərinin 28-ci məhəllə adlanan 9 mərtəbəli binaların qarşısındakı ərazi hasara alınıb. Xırdalan şəhər sakinləri həmin yerdə qanunsuz olaraq çoxmərtəbəli binanın tikiləcəyini iddia edirlər. Sakinlər deyir ki, belə olacağı təqdirdə maşınlarını saxlamağa yer olmayacaq, üstəlik, uşaqlar da həyətdə oynaya bilməyəcək. Çoxmərtəbəli binaların qarşısında olan ərazi hasara alınıb. İçərisində texnikalar işləyir. Ərazidə yaşayan sakinlər iddia edirlər ki, 7-8-9-12 saylı binaların qarşısı qanunsuz olaraq zəbt olunub və həmin yerdə çoxmərtəbəli yaşayış binası tikiləcək. Bu da onları narahat edir.
Qeyd edək ki, bu hal Abşeron rayonunun Masazır kəndində qeydə alınır. Masazır kəndində fərdi yaşayış evlərinin arasında çoxmərtəbəli binaların tikintisi geniş yayılıb. Yaşayış evlərinin arasında çoxmərtəbəli binanın tikintisi həmin ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olur.
Maraqlıdır, aidiyyəti qurumların Abşeron rayonunda fərdi yaşayış evlərinin arasında tikilən çoxmərtəbəli binalardan xəbəri varmı?
Abşeron rayon İcra Hakimiyyəti: “Həmin ərazidə yalnız abadlıq işləri həyata keçirilə bilər”
Abşeron rayon İcra Hakimiyyətindən bildirildi ki, Abşeron rayonu, Xırdalan şəhərinin 28-ci məhəllə adlanan 9 mərtəbəli binaların qarşısında hansısa tikilinin həyata keçirilməsi ilə bağlı sərəncam verilməyib: “Həmin ərazidə yalnız abadlıq işləri həyata keçirilə bilər”.
Nüsrət İbrahimli: “Aidiyyəti qurumlar fərdi yaşayış evlərinin yaxınlığında olan ərazini tikinti şirkətinə satmamalıdır”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli qeyd etdi ki, fərdi yaşayış evlərinin arasında çoxmərtəbəli binaların tikintisi yolverilməzdir: “Yaşayış evlərinin qarşısında çoxmərtəbəli bina tikilirsə, bu hal həmin ərazidə yaşayan sakinlərlə yanaşı, tikinti şirkətlərinin biznesinə mənfi təsir edəcək. Bəzi tikinti şirkətləri harda boş ərazi görürsə, oranı alıb, həmin ərazidə tikinti həyata keçirir. Ancaq unutmaq lazım deyil ki, ev almaq istəyənlər fərdi yaşayış evlərinin arasında tikiliyə maraq göstərmir. Beləliklə, həmin ərazidə yarımçıq tikili olacaq”.
Ekspert onu da əlavə etdi ki, aidiyyəti qurumlar fərdi yaşayış evlərinin yaxınlığında olan ərazini tikinti şirkətinə satmamalıdır, əksinə, orda sakinlərin rahatlığı üçün şərait yaratmalıdır.
Günel CƏLİLOVA