Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusilə də inkişaf etmiş ölkələrdə durmadan artır.
Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkənlərin sayı artır. Adıçəkilən xəstəlikdən əziyyət çəkənlərə lazımi dərman pulsuz verilir. Ancaq son günlər həmin preparatların verilməsi azalıb. Bu hal daha çox Göyçay rayonunda qeydə alınır. Göyçay rayonundakı şəkərli diabet xəstələri dövlət tərəfindən verilən dərmanları vaxtında ala bilmədiklərindən narazılıq edir. Rayon sakinləri qeyd edir ki, qeydiyyata düşsələr də, xəstələrə paylanılmalı olan dərmanlar hələ də verilməyib.
Göyçay rayon xəstəxanası: “Bəzən şəkər xəstələrinin sayında artım olduğu üçün, onlara təyin olunan dərmanlar növbəti ayda siyahıya salındığı üçün müəyyən ləngimələr ola bilər”
Məsələ ilə bağlı Göyçay rayon xəstəxanasından bildirildi ki, hazırda rayon üzrə 4627 nəfər şəkərli deabet xəstəsi qeydiyyatdadır. Xəstələrin sayına görə, hər ay dərman, qanda şəkəri təyin edən cihaz və şəkər çöpləri xəstələrə növbəli şəkildə paylanır: “Bəzən şəkər xəstələrinin sayında artım olduğu üçün, onlara təyin olunan dərmanlar növbəti ayda siyahıya salındığı üçün müəyyən ləngimələr ola bilər. Odur ki, şəkərli diabet xəstələrimizdən xahiş edirik, bu cür halları nəzərə alaraq təmkinli olsunlar”.
Adil Qeybulla: “Xəstəyə dəstək olmaq əvəzinə, ona veriləcək dərmanı kəsmək düzgün deyil”
Tibbi ekspert, professor Adil Qeybulla qeyd etdi ki, şəkər xəstələri üçün istifadə olunan dərman və ya insulinin xəstələrə verilməsi limitsiz olmalıdır: “Şəkərli xəstələrlə bağlı Dövlət Proqramı icbari sığortanın paketinə daxil olub. Hesab edirəm ki, şəkərli diabet xəstələrinə lazım olan dərmanların limitlə verilməsi düzgün qərar deyil. Xəstəyə dəstək olmaq əvəzinə, ona veriləcək dərmanı kəsmək düzgün deyil”.
Günel CƏLİLOVA