Astara Rayon Heydər Əliyev Mərkəzində “Dünyada Azərbaycan tolerantlıq modeli” mövzusunda konfrans keçirildi. Gənclər və İdman Nazirliyin, Astara Rayon İcra Hakimiyyətin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlandı. Sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Konfransda Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, İkinci Qarabağ müharibəsinin qəhrəmanı Rüfət Əsədullayev, Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə və başqaları mövzu ilə bağlı çıxış etdilər. Çıxışlarda azərbaycançılıq məfkurəsinin milli-mənəvi dəyərlər sistemindəki rolu, dünyaya nümunə kimi təqdim etdiyimiz multikultural dəyərlərin əhəmiyyəti barədə söhbət açıldı, müstəqil ölkəmizdə yaşayan bütün xalqların sarsılmaz birliyinin, xalqımızın tarixi-mədəni irsinin, o cümlədən Azərbaycan dilinin, dini dəyərlərin, adət-ənənələrin, humanizm, sülhsevərlik prinsiplərinin əsas istiqamətlərinin qorunub saxlandığı bildirildi.
Sonda tədbir iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin istehsalı olan “Biz birlikdə güclüyük” sənədli filminə baxdılar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü