2010-cu ildə Lənkəranla qardaşlaşmış ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin sakini, Monterey-Lənkəran Assosiasiyasının sədri, xanım Nensi Selfric Lənkəran şəhərinə dostluq səfərinə gəlib. Onu səfərdə ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva müşayiət edirdi. Azərbaycan xalqına dərin sevgi bəsləyən və hər iki ölkənin xalqları arasında mehriban dostluq və anlaşmaya dəstək verən Nensi Selfric Lənkəran ŞİH başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib.
Qəbul zamanı hörmətli qonağı ürəkdən salamlayan İcra başçısı ABŞ-Azərbaycan əlaqələrinin dinamik inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olduğunu bildirib, belə qarşılıqlı səfərlərin bu əlaqələrin daha da inkişafında əvəzsiz rolunu xüsusi vurğulayıb. Söhbət zaman həm də İcra başçısı hörmətli qonağa 44 günə Azərbaycanın əbədi, əzəli yurd yeri Qarabağın işğaldan azad olunması ilə başa çatan Vətən müharibəsində qazanılan tarixi zəfərdən və pandemiya şəraitinə baxmayaraq rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlərdən, aparılan quruculuq-abadlıq işlərdən geniş məlumat verib.
Səmimi qəbuldan məmnun qalan Montereyli qonaq deyib: “Azərbaycanda əldə olunan nailiyyətlər uğurla həyata keçirilən siyasətin nəticəsidir. Hər dəfə səfərə gələrkən bu Odlar yurdunda çoxlu yeniliklər görürəm və gördüyüm yeniliklərə ürəkdən sevinirəm. Azərbaycanda baş verən hadisələri, xüsusilə Vətən müharibəsinin hər gününü diqqətlə izləmişəm, şəhər və kəndlərin işğaldan azad olunması barədə qələbə xəbərlərini sevinc hissi ilə qarşılamışam. Çoxlu qurbanların olmasına baxmayaraq bu tarixi qələbə Azərbaycan xalqının qürurunu, qüdrətini, Vətən sevgisini bir daha bütün dünyaya bildirdi. 30 ildən sonra xalqına zəfər sevinci bəxş edən şəhidlərin ruhuna rəhmət diləyirəm”.
Görüşün sonunda qonaq xanıma Lənkəran rayonunda istehsal olunan “Qarabağ” çay kolleksiyası hədiyyə edilib. Səfər çərçivəsində xanım Nensi Selfric Lənkəran şəhərinin görməli yerlərində, eləcə Tarix diyarşünaslıq muzeyində, Əsgər Əliyev adına parkda, Həzi Aslanov park və abidəsində, Qala xiyabanında olub. Lənkəran Şəhidlər Xatirə Abidə Kompleksini, Azərbaycanlıların soyqırımı parkındakı “Ana” abidəsini ziyarət edib önlərinə tər çiçəklər düzüb. Qonaq xalçaçılıq müəssisəsinə, karamel fabrikinə, hallobonq sitrus bağına və “Yaşıl çay” fermer təsərrüfatlarına baş çəkib görülən işləri ürəkdən bəyənib.
Lənkəran Dövlət Universitetində xanım Nensi Selfric rektor, müəllim və tələbələrlə görüşü zamanı isə Monterey Yarımada Kolleci ilə tələbə-müəllim mübadiləsi məsələlərini müzakirə edib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü